Menyu

Yay pəhrizləri: Sağlam seçim, yoxsa təhlükəli eksperiment?

Ayşən Sadıxzadə
Yay pəhrizləri: Sağlam seçim, yoxsa təhlükəli eksperiment?

Yay mövsümünün gəlişi ilə sosial şəbəkələrdə və müxtəlif internet platformalarında "3 günlük detoks", "7 gündə sürətli arıqlama", "yalnız şirə ilə qidalanma" kimi pəhriz proqramları daha çox gündəmə gəlir. Lakin elmi araşdırmalar göstərir ki, bu cür proqramların əksəriyyətinin sağlamlıq baxımından xüsusi üstünlüyü sübut olunmayıb.

Bu barədə Operativ Media-ya dietoloq Ceyhunə Yusifova danışıb. 

O bildirib ki, insan orqanizminin öz təbii "detoks" sistemi mövcuddur. Qaraciyər, böyrəklər, bağırsaqlar, ağciyərlər və dəri zərərli maddələrin orqanizmdən xaric edilməsində əsas rol oynayır. Buna görə də sağlam insanlarda əlavə "detoks məhsulları"na və ya sərt detoks proqramlarına ehtiyac olmur:

“Yay aylarında havaların isti keçməsi səbəbindən orqanizmdə maye itkisi artır. Bu dövrdə əsas diqqət kifayət qədər su qəbuluna, mövsümi tərəvəz və meyvələrin balanslı şəkildə rasiona daxil edilməsinə, keyfiyyətli zülal mənbələrinin istehlakına, həmçinin şəkərli və qazlı içkilərin məhdudlaşdırılmasına yönəldilməlidir.

Qısa müddətli, çox aşağı kalorili və ya yalnız şirələrdən ibarət pəhrizlər isə sağlamlıq üçün müəyyən risklər yarada bilər. Belə qidalanma rejimi əzələ kütləsinin azalmasına, halsızlığa, vitamin və mineral çatışmazlığına, qan şəkərinin kəskin dəyişməsinə, eləcə də itirilən çəkinin qısa müddətdə yenidən bərpa olunmasına səbəb ola bilər. Xüsusilə şəkərli diabet, insulin rezistentliyi, qalxanabənzər vəzi xəstəlikləri, mədə-bağırsaq sistemi problemləri və digər xroniki xəstəlikləri olan şəxslər bu cür pəhrizləri həkim və ya dietoloq məsləhəti olmadan tətbiq etməməlidirlər.

Yay mövsümündə sağlam qidalanmanın əsas prinsipləri bunlardır:

- Gün ərzində kifayət qədər su qəbul etmək;

- Hər əsas qidada keyfiyyətli zülal mənbələrinə yer vermək;

- Mövsümi tərəvəz və meyvələri ölçülü miqdarda istehlak etmək;

- Qızardılmış və yağlı qidaların qəbulunu məhdudlaşdırmaq;

- Müntəzəm fiziki aktivliyi və keyfiyyətli yuxunu həyat tərzinin ayrılmaz hissəsinə çevirmək.

Nəzərə almaq lazımdır ki, sağlam həyat tərzi və qalıcı çəki itkisi "möcüzə detoks" proqramları ilə deyil, insanın yaşı, sağlamlıq vəziyyəti, laborator analizlərinin nəticələri və həyat tərzi nəzərə alınaraq tərtib edilmiş balanslı qidalanma planı ilə mümkündür”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər