Pakistanda şiddətli yağışlar nəticəsində 109 nəfər ölüb
İyunun 26-dan bəri Pakistanda leysan yağışları və bununla əlaqədar baş verən hadisələr nəticəsində azı 109 nəfər həlak olub, 362 nəfər isə xəsarət alıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Olunması Milli İdarəsindən bildirilib.
Ən çox qurban sayı şimal-qərbdəki Hayber-Paxtunxva əyalətində qeydə alınıb - burada 55 nəfər həlak olub. Şərqdəki Pəncab əyalətində isə 36 nəfər təbii fəlakətin qurbanı olub.
Su axınları 800-ə yaxın binaya ziyan vurub, onlardan 200-dən çoxu tamamilə dağılıb. İyunun sonundan bəri xilasedicilər 148 əməliyyat həyata keçirib və 4 minə yaxın insanı xilas ediblər.
Pakistanda musson mövsümü, adətən, iyundan sentyabradək davam edir. Bol yağıntılar kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır, lakin tez-tez daşqınlara və digər təbii fəlakətlərə səbəb olur.