Paşinyan Aİ-yə üzvlüklə bağlı referendumun şərtini açıqlayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendumun yalnız bu istiqamətdə konkret irəliləyiş əldə edildikdən sonra keçirilə biləcəyini bildirib.
Operativ Media xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında referendumdan əvvəl Ermənistanın ən azı Aİ-yə rəsmi üzvlük üçün müraciət etməsinin vacib olduğunu deyib.
"Bu məsələyə konkret bir həll yolu tapılmayana qədər referendum keçirilə bilməz. Yəni referendumdan əvvəl üzvlüklə bağlı ən azı Aİ-yə müraciət etməliyik", – deyə o bildirib.
Baş nazir mayın 29-da Astanada keçirilən Avrasiya İqtisadi Birliyi (AİB) sammitini də xatırladıb. Onun sözlərinə görə, sammitdə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanın Aİ-yə qoşulması və ya AİB-də qalması məsələsinin milli referendum vasitəsilə həll edilməsinin vacibliyini vurğulayan birgə bəyanat qəbul ediblər.
Paşinyan Rusiyanın mümkün məhdudlaşdırıcı tədbirləri ilə bağlı suala cavabında hökumətin siyasətinin Ermənistanı çıxılmaz vəziyyətə salacağına inanmadığını bildirib. O qeyd edib ki, ölkə artıq "alternativli" dövrə qədəm qoyub.
Baş nazir Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmağa hazırlaşdığı barədə iddiaları da təkzib edib.