Rusiya Dəmir Yolları Ermənistana qoyduğu investisiyaların geri qaytarılmasını istəyir
"Rusiya Dəmir Yolları" (RJD) Ermənistanın dəmir yolu konsessiyası ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.
Operativ Media xəbər verir ki, holdinqin rəhbəri Oleq Belozerov TASS-a açıqlamasında RJD-nin 2008-ci il tarixli konsessiya müqaviləsi üzrə bütün öhdəliklərini tam yerinə yetirdiyini deyib.
Onun sözlərinə görə, 2008–2025-ci illər ərzində Ermənistan dəmir yollarının inkişafına təxminən 396,3 milyon ABŞ dolları həcmində investisiya qoyulub. O bildirib ki, əldə olunan mənfəət yalnız infrastrukturun inkişafına yönəldilib, səhmdarlara isə dividend ödənilməyib.
Belozerov qeyd edib ki, "Cənubi Qafqaz Dəmir Yolu" ölkənin ən iri işəgötürənlərindən biridir və 2 500 əməkdaşın maaşı mütəmadi olaraq indeksləşdirilir.
RJD rəhbəri əlavə edib ki, Ermənistan tərəfi konsessiya müqaviləsinə xitam verilməsi və ya onun şərtlərinin dəyişdirilməsini nəzərdən keçirərsə, şirkət qoyduğu investisiyaların geri qaytarılmasını gözləyəcək.