Məhəmməd bin Salman və Donald Tramp Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Saudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığında Yaxın Şərqdə gərginliyin azaldılması yolları nəzərdən keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Saudiyyə Mətbuat Agentliyi məlumat yayıb. Məlumata görə, vəliəhd şahzadə gərginliyin səngiməsi üçün dialoq mühitinin prioritet təşkil etməsinin, eləcə də regionda sabitliyin təmin olunması istiqamətində bütün mümkün addımların atılmasının vacibliyini diqqətə çatdırıb. Məhəmməd bin Salman vurğulayıb ki, bu yanaşma Yaxın Şərqdə təhlükəsizliyin qorunmasına xidmət edən diplomatik həll üçün zəmin yaradacaq.
Öz növbəsində, ABŞ lideri Tehranla razılaşmanın əldə olunması naminə İrana planlaşdırılan kəsərli zərbənin ləğv edildiyini bildirib. Trampın sözlərinə görə, gələcək sazişin əsas şərtləri razılaşdırıldığı üçün İran və regionun digər dövlətləri Vaşinqtondan hücumdan çəkinməyi xahiş ediblər. Əldə olunacaq razılaşmanın Hörmüz boğazının dərhal gəmiçilik üçün açılmasını və İranın nüvə təhdidinin aradan qaldırılmasını nəzərdə tutduğu qeyd edilib.