Tramp reytinqinin ən yüksək səviyyədə olduğunu açıqlayıb
ABŞ Prezidenti Donald Tramp reytinqinin hazırda bütün dövrlərin ən yüksək səviyyəsində olduğunu bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə Amerikalı lider özünə məxsus “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tramp bu rekord göstəricini həyata keçirdiyi siyasətlə əlaqələndirib:
“Tarixin ən böyük vergi güzəştləri və məşğulluq göstəriciləri, dünya tarixində Amerikaya edilən ən böyük xarici investisiyalar, tam qorunan sərhəd, Venesuelada möhtəşəm qələbə, İranın nüvəsizləşdirilməsi, bütün dünyada misilsiz hörmət, uğur və daha çoxunu nəzərə alsaq, başqa necə ola bilərdi ki?”
ABŞ Prezidenti izləyicilərinə radikal solçuların “saxta” sorğu nəticələrinə inanmamağı tövsiyə edib. O, həmin şəxslərin ölkəni məhv edən “səfehlər” qədər namuslu olmadığını iddia edib. Paylaşımının sonunda Tramp dəstəkçilərini Respublikaçılar Partiyasına səs verməyə və “Amerikanı yenidən möhtəşəm etməyə” çağırıb.