Menyu

ATƏT sədrinin Bakı səfəri: Cənubi Qafqazda sülh və ikitərəfli əməkdaşlıq perspektivləri - TƏHLİL

Ayşən Sadıxzadə
ATƏT sədrinin Bakı səfəri: Cənubi Qafqazda sülh və ikitərəfli əməkdaşlıq perspektivləri - TƏHLİL

İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı ikitərəfli münasibətlərin, eləcə də Cənubi Qafqaz regionundakı diplomatik dinamikanın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Kamran Bayramov bildirib.

Əsası qarşılıqlı hörmət və suverenliyə ehtiram prinsipləri üzərində qoyulmuş Azərbaycan-İsveçrə əlaqələri uzun illərdir ki, sabit və konstruktiv xarakteri ilə seçilir. İsveçrənin ənənəvi neytrallıq siyasəti və beynəlxalq hüquqa söykənən mövqeyi Bakı üçün onu Avropada etibarlı və balanslı tərəfdaşlardan birinə çevirmişdir.


​Bu səfər tərəflər arasında mövcud olan siyasi dialoqun yüksək səviyyədə davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlar fonunda baş tutan görüşlər tərəflərin regional təhlükəsizlik və sülh quruculuğu məsələlərində üst-üstə düşən maraqlarını bir daha büruzə verdi. İqnasio Kassisin ATƏT sədri qismində bəyanatları və apardığı müzakirələr göstərdi ki, Bern Azərbaycan və Ermənistan arasında davamlı sülh müqaviləsinin imzalanmasını, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılmasını yaxından dəstəkləyir. Bu kontekstdə İsveçrənin gələcəkdə potensial neytral vasitəçi və ya dialoq platforması kimi çıxış etmək imkanları da xüsusi diqqət çəkir.

​Siyasi müstəvidəki bu yaxınlaşma öz növbəsində iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə münbit şərait yaradır. İkitərəfli münasibətlərin onurğa sütununu təşkil edən iqtisadi əlaqələr energetika, tikinti materilları sənayesi və maliyyə sektorunda artıq öz uğurlu bəhrələrini vermişdir. SOCAR-ın İsveçrənin enerji pərakəndə satış bazarında aparıcı mövqelərdən birini tutması və "Holcim" kimi nəhəng İsveçrə şirkətlərinin Azərbaycandakı uzunmüddətli fəaliyyəti tərəflərin bir-birinə olan strateji inamının göstəricisidir. İqnasio Kassisin səfəri çərçivəsində aparılan müzakirələr isə bu əməkdaşlığı yalnız ənənəvi sektorlarla məhdudlaşdırmayıb, "yaşıl keçid", bərpa olunan enerji, "ağıllı şəhər" texnologiyaları və rəqəmsallaşma kimi müasir sahələrə doğru genişləndirmək iradəsini ortaya qoydu.

​İqtisadi tərəfdaşlığın inkişafı həm də postmünaqişə dövrünün tələbləri ilə sıx bağlıdır. İşğaldan azad edilmiş ərazilərin bərpası, həmin zonaların minalardan təmizlənməsi və dayanıqlı infrastrukturların qurulması istiqamətində İsveçrənin texnoloji təcrübəsindən və humanitar dəstəyindən istifadə olunması perspektivləri səfərin əsas yekunlarından biri sayıla bilər. Minatəmizləmə prosesində ATƏT və İsveçrə institutlarının verə biləcəyi dəstək regionda mülki şəxslərin təhlükəsizliyinin təmin olunmasına və iqtisadi reinteqrasiyanın sürətlənməsinə birbaşa töhfə verəcəkdir. Eyni zamanda, "Orta Dəhliz" layihəsinin artan əhəmiyyəti fonunda İsveçrə şirkətlərinin Logistika və nəqliyyat zəncirlərinə inteqrasiyası hər iki ölkə üçün yeni imkanlar pəncərəsi açır.

​Yekun olaraq qeyd etmək olar ki, İqnasio Kassisin Azərbaycana səfəri təkcə cari diplomatik təmasların tərkib hissəsi deyil, Azərbaycan-İsveçrə münasibətlərinin uzunmüddətli gələcək xəritəsini müəyyən edən strateji addımdır. Səfərin nəticələri göstərir ki, tərəflər arasında siyasi etimad yüksək səviyyədədir və bu etimad həm ikitərəfli ticarət dövriyyəsinin artırılmasına, həm də Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək dərəcədə böyük potentsiala malikdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər