Nevroloq: Keyfiyyətli yuxu beynin öyrənmə qabiliyyətini artırır
Yeni tədris ilinə hazırlıq təkcə məktəb ləvazimatlarının alınması ilə məhdudlaşmır. Mütəxəssislər bildirirlər ki, dərslərdə uğurlu nəticə əldə etmək üçün uşaqlarda sağlam yuxu rejiminin formalaşdırılması da vacib amillərdən biridir. Çünki keyfiyyətli və kifayət qədər yuxu məktəblinin diqqətini, yaddaşını və öyrənmə qabiliyyətini gücləndirərək təhsil prosesinə birbaşa müsbət təsir göstərir.
Mövzu ilə bağlı Operativ Media-ya nevroloq Röyanə Quluzadə danışıb.
O bildirib ki, məktəb yaşlı uşaqlarda sağlam yuxu rejimi uğurlu təhsil üçün əsas şərtlərdən biridir. Yuxu zamanı beyin gün ərzində öyrənilən məlumatları emal edir, yaddaşı möhkəmləndirir və diqqəti artırır. Kifayət qədər yatmayan uşaqlarda isə diqqət dağınıqlığı, unutqanlıq, yorğunluq və dərs nəticələrinin zəifləməsi müşahidə oluna bilər:
“Məktəblilər üçün tövsiyə olunan yuxu müddəti 9–12 saatdır (6–12 yaş), yeniyetmələr isə 8–10 saat yatmalıdır. Uşağın hər gün eyni saatda yatıb oyanması, yatmazdan əvvəl telefon və planşetdən istifadəni məhdudlaşdırması keyfiyyətli yuxuya kömək edir.
Əgər uşaq kifayət qədər yatsa da gündüz yuxulu olur, diqqətini toplamaqda çətinlik çəkir, xoruldayır və ya tez-tez gecə oyanırsa, uşaq nevroloquna müraciət etmək tövsiyə olunur.
Unutmayaq ki, sağlam yuxu rejimi uşağın diqqətini, yaddaşını və öyrənmə qabiliyyətini artıraraq məktəb uğuruna birbaşa müsbət təsir göstərir”.
