Çin Tayvana silah satışına görə ABŞ-ni yenidən tənqid edib
Çin Xalq Respublikası Birləşmiş Ştatlarla hərbi sahədə tərəfdaşlıq etməyə hazır olduğunu bəyan etsə də, Vaşinqtonun Tayvana hərbi texnika və silah tədarük etməsinə qətiyyətlə qarşı olduğunu diqqətə çatdırıb.
Operativ Media xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirlik nümayəndəsi Lyu Çan "TASS" agentliyinə açıqlamasında bildirib.
Səfirlik rəsmisi "Politico" nəşrində yer alan və ABŞ Müdafiə Nazirliyinin siyasət məsələləri üzrə müavini Elbric Kolbinin Tayvana silah satışı tərəfdarı olduğu üçün uzun müddətdir Çindən rəsmi səfər dəvəti ala bilmədiyini iddia edən məqaləni şərh edib. Lyu Çan qeyd edib ki, iki ölkə arasında hərbi münasibətlərin sabit inkişafı həm tərəflərin maraqlarına, həm də beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğundur. Diplomatın sözlərinə görə, Pekin dövlət başçılarının əldə etdiyi razılaşmaları səmimi şəkildə yerinə yetirməyə, qarşılıqlı maraqlara hörmətlə yanaşmağa, dialoqu gücləndirməyə və fikir ayrılıqlarını tənzimləməyə hazırdır. Bununla yanaşı, o, Pekinin Tayvana silah satışına dair mövqeyinin dəyişməz və aydın olduğunu vurğulayıb.
Qeyd olunub ki, Vaşinqton 2025-ci ilin dekabrında Tayvanla rekord məbləğdə – 11 milyard dollar dəyərində silah satışı sazişini təsdiqləyib və sözügedən anlaşma üzərində məhz Kolbi işləyib.
Məlumat üçün bildirək ki, 1949-cu ildə Çan Kayşinin rəhbərlik etdiyi Qomindan qüvvələrinin vətəndaş müharibəsindəki məğlubiyyətindən sonra Tayvan öz inzibati idarəçiliyini həyata keçirir. Bununla belə, Rusiyanın da daxil olduğu əksər ölkələrin və Pekinin rəsmi mövqeyinə əsasən, ada Çin Xalq Respublikasının tərkib hissəsi hesab olunur.