Təbii şəkər: nə qədər faydalı, nə qədər zərərli?
Şəkərli diabet, piylənmə və insulin müqaviməti olan şəxslərin qidalanmasında şəkərin miqdarı xüsusi əhəmiyyət daşıyır. Bəs söhbət yalnız şirniyyat və əlavə edilmiş şəkərdən gedir, yoxsa meyvə və digər təbii qidalarda olan şəkərlər də məhdudlaşdırılmalıdır? Xüsusilə bu xəstəliklər zamanı təbii şəkərlərin gündəlik qəbul miqdarı necə müəyyən edilməlidir və normadan artıq istehlak hansı risklər yarada bilər?
Mövzu ilə bağlı Operativ Media-ya endokrinoloq Samirə Süleymanova danışıb.
O bildirib ki, təbii şəkərləri tamamilə rasiondan çıxarmaq deyil, onların qəbulunu məhdudlaşdırmaq lazımdır. Şəkər əsasən karbohidrat tərkibli qidalardan, o cümlədən meyvə və tərəvəzlərdən qəbul edilir. Bu baxımdan həmin qidaların hansı vaxtda və hansı miqdarda istehlak edilməsi də önəmlidir:
“Xüsusilə meyvələrin səhər və günorta saatlarında, əsas qida qəbulu zamanı qəbul edilməsi daha məqsədəuyğundur. Burada əsas prinsip “azı qədər, çoxu zərər” yanaşmasına əməl etməkdir. Yəni faydalı hesab olunan qidaların belə həddindən artıq qəbul edilməsi arzuolunmaz nəticələrə səbəb ola bilər.
Şəkər və karbohidrat qəbulunun məhdudlaşdırılması xüsusilə II tip şəkərli diabet, insulin dirənci və digər metabolik xəstəliklər zamanı mühüm əhəmiyyət daşıyır. Bununla belə, qida rasionunda şəkərin və karbohidratların optimal miqdarı hər bir insan üçün fərdi şəkildə müəyyən edilməlidir.
Bu səbəbdən xüsusilə şəkərli diabet və insulin dirənci olan şəxslərin qidalanma rejimini müstəqil şəkildə dəyişdirmək əvəzinə endokrinoloq və ya dietoloqa müraciət etmələri tövsiyə olunur”.