Türkiyənin arsenalındakı ABŞ silahları Ukraynaya verilə bilər
Ukrayna Türkiyənin arsenallarında olan və dəyəri 255,9 milyon dollar təşkil edən köhnəlmiş ABŞ istehsalı silah və sursatları əldə etmək imkanı qazanıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avqustun 6-da Konqresin fəaliyyətinə dair dərc etdiyi rəsmi bildirişdə deyilir.
Sənədə əsasən, Vaşinqton Ankara tərəfindən Kiyevə 12 ədəd "M270 MLRS" yaylım atəşli raket sistemi, 2 524 ədəd "M26" kasetli raket sursatı, 47 min ədəd "M509A1" artilleriya mərmisi və 70 ədəd "M39 ATACMS" taktiki balistik raketinin ötürülməsinə razılıq verməyə hazır olduğunu bəyan edib.
Hərbi təchizatın Türkiyənin "MKE", "ASFAT", "ARCA Savunma San. Tic.", Bolqarıstanın "VTIC International Ltd.", eləcə də ABŞ-nin "Pansophico" və "Patriot Defense Group" özəl şirkətləri vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Dövlət Departamentindən bildirilib ki, bu addım Türkiyənin köhnəlmiş silah ehtiyatlarını azaltmaq, maliyyə resurslarını mövcud sistemlərin modernləşdirilməsinə və döyüş hazırılığının artırılmasına yönəltmək istəyi ilə bağlıdır. Silahların təhvil verilməsinin yaxın vaxtlarda reallaşacağı gözlənilir.
Qeyd olunub ki, Moskva Qərb tərəfindən Kiyevə hərbi dəstəyin göstərilməsinin və ukraynalı hərbçilərə təlimlərin keçirilməsinin münaqişəni uzatdığını və döyüş meydanındakı vəziyyəti dəyişdirmədiyini dəfələrlə vurğulayıb.