Kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilib
İnternet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilib.
Operativ Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.
Sənədə əsasən, qanuna informasiya infrastrukturu, informasiya infrastrukturu subyekti, kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal tədqiqat, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT), Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC), Milli CERT, Dövlət CERT və digər yeni anlayışlar əlavə edilir.
Qanunda dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri müəyyən edilir, kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin aşkarlanması, qarşısının alınması, araşdırılması və aradan qaldırılması üzrə fəaliyyət mexanizmləri təsbit olunur.
Sənəd ilə həmçinin informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik üzrə monitorinq və auditlərin aparılması, kiberinsidentlər barədə məlumat mübadiləsinin həyata keçirilməsi, rəqəmsal tədqiqatların aparılması, rəqəmsal inkişaf layihələrinin maliyyələşdirilməsi və rəqəmsal həllərin sınaqdan keçirilməsi məqsədilə tənzimləyici test mühitinin tətbiqi ilə bağlı müddəalar müəyyən edilir.
Bununla yanaşı, informasiya infrastrukturu subyektləri, internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir, Milli CERT-in fəaliyyət istiqamətləri və səlahiyyətləri genişləndirilir.