Britaniya istehsalı olan PUA-lar Rusiyanın dərinliklərinə hücumda istifadə edilib
Ukrayna qüvvələri Rusiya ərazisinin daxilində yerləşən hədəflərə zərbələr endirmək məqsədilə ilk dəfə Böyük Britaniya istehsalı olan pilotsuz uçuş aparatlarından istifadə edib.
Operativ Media xəbər verir ki, bu barədə "The Sunday Times" nəşri Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Uiltşir qraflığındakı "Callen-Lenz" şirkətinin buraxdığı "Nyan" dronları da daxil olmaqla, müxtəlif aparatlar Volqoqrad və Yaroslavldakı neft emalı zavodlarının hədəf alınmasında tətbiq olunub.
Təqaüddə olan aviasiya marşalı Qreq Beqvel hesab edir ki, Britaniya PUA-larının Rusiyaya qarşı işlədilməsi Moskvanın krallıq daxilindəki həmin silahları istehsal edən müəssisələri "qanuni hədəf" kimi qiymətləndirməsi üçün əsas verə bilər. Buna baxmayaraq, nəşrin həmsöhbətləri Rusiya və NATO arasında birbaşa hərbi qarşıdurma ehtimalının az olduğunu vurğulayıblar.
Bundan əvvəl Kiyev Rusiya ərazisinin dərinliklərindəki obyektləri vurmaq üçün uzaqmənzilli "Storm Shadow" raketlərindən də yararlanıb. Qəzetin qeyd etdiyinə görə, bu silahların istifadəsi münaqişənin gedişatını dəyişməyə kömək etməyib.