Qırğızıstanda prezident seçkilərində istənilən seçki məntəqəsində səs vermək mümkün olacaq
Qırğızıstanda keçiriləcək prezident seçkilərində seçicilər qeydiyyatda olduqları ünvandan asılı olmayaraq ölkə ərazisindəki istənilən seçki məntəqəsində səs verə biləcəklər.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Mərkəzi Seçki və Referendum Komissiyası seçki günü qeydiyyatda olduğu ünvanda olmayan, eləcə də ölkə xaricində yaşayan seçicilər üçün məsafədən səsvermənin təşkili qaydalarını təsdiqləyib.
Qaydalara əsasən, məsafədən səsvermədə iştirak üçün əvvəlcədən ərizə təqdim etməyə ehtiyac olmayacaq. Seçicinin şəxsiyyəti müəyyənləşdirildikdən sonra məlumatlar birbaşa səsvermə günü sistemə daxil ediləcək və təkrar səsvermənin qarşısı alınacaq.
Xaricdə olan Qırğızıstan vətəndaşlarının isə biometrik qeydiyyatdan keçməsi və aktual yaşayış yeri üzrə qeydiyyata malik olması tələb olunur. Onların şəxsiyyəti onlayn rejimdə müəyyənləşdiriləcək, bundan sonra seçki bülleteni məntəqədə çap olunacaq.
Mərkəzi Seçki Komissiyası əhalinin sıx olduğu hava limanları, ticarət mərkəzləri, bazarlar, idarə və təşkilatlarda, həmçinin növbəli və fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisələrdə xüsusi məsafədən səsvermə məntəqələri yarada biləcək.
Səsvermə seçki günü yerli vaxtla saat 08:00-dan 20:00-dək keçiriləcək. Seçicilər şəxsiyyət vəsiqəsi, pasport və ya “Tunduk” tətbiqindəki rəqəmsal pasport vasitəsilə şəxsiyyətlərini təsdiqləyə biləcəklər.
Şəxsiyyətin müəyyənləşdirilməsi zamanı əvvəlcə sənədlər yoxlanılacaq, daha sonra biometrik məlumatlar əsasında identifikasiya aparılacaq. Barmaq izi ilə identifikasiya mümkün olmadıqda üz tanıma funksiyasından istifadə ediləcək.
Yoxlama başa çatdıqdan sonra qurğu qəbz və kağız bülleten çap edəcək. Seçici bülleteni kabinədə dolduraraq avtomatlaşdırılmış seçki qutusuna atacaq.
Xüsusi seçki məntəqələri videomüşahidə sistemləri, avtomatlaşdırılmış seçki qutuları, printerlə təchiz edilmiş identifikasiya cihazları, monitorlar və ehtiyat enerji mənbələri ilə təmin olunacaq.
dəqiqələr içində saytın olsun.