Ermənistanın keçmiş prezidenti və oğlu saxlanılıb - YENİLƏNİB
Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun böyük oğlu Sedrak Köçəryan həbs ediliblər.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Robert və Sedrak Köçəryanın həbs edildiyini təsdiqləyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Milli Məclisin deputatı Levon Köçəryanın evinə daxil olublar. Daha sonra Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Bundan əlavə, vergi orqanlarının əməkdaşları İrəvandakı “Toyota” ofisini möhürləyiblər.
***
09:18
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkənin Milli Təhlükəsizlik Xidmətinə aparılıb.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
"Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryan bu səhər tezdən Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən MTX-yə aparılıb. Bu barədə 24news-a Ermənistan parlament fraksiyası məlumat verib", - deyə bəyanatda bildirilir.
Bundan əvvəl Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Ermənistan fraksiyasından olan parlament üzvü və keçmiş prezident Köçəryanın oğlu Levon Köçəryanın mənzilində axtarış aparmağa başlayıblar.