Diqqət və motivasiyanın azalmasının səbəbləri nədir? - Həkim danışır
Diqqət və motivasiyanın azalması bir sindrom kimi müxtəlif səbəblərlə ortaya çıxa bilər. Burada səbəblər çox müxtəlif ola bilər. Bu, yaşdan, məşğuliyyətdən, yaxud xəstənin özünün xarakterindən və fərdi xüsusiyyətlərindən asılı ola bilər.
Bu sözləri Operativ Media-ya nevroloq Rəna Abbasova deyib.
O bildirib ki, məsələn, xəstə hər hansı bir fəaliyyətə maraq göstərmir. Kənardan bunu diqqətsizlik kimi qiymətləndirmək mümkündür, amma bu, bəzən insanın fərdi xüsusiyyəti kimi də dəyərləndirilə bilər. Lakin bu, bütün hallarda keçərli deyil:
“İlk növbədə nevroloji baxımdan burada xroniki stress, depressiya vəziyyəti, yuxusuzluq, həddindən artıq zehni və fiziki yüklənməni qeyd edə bilərik. Həmçinin həyəcan və təlaş da funksional səbəblər sırasında yer alır.
Bundan başqa, metabolik pozulmalar, beyin qan dövranının xroniki çatışmazlığı, müəyyən dərmanların qəbulu, düzgün qidalanmamaq və həyat tərzi də diqqət və motivasiyanın azalmasına səbəb ola bilər. Məsələn, gecə saatlarında oyaq qalmaq, növbəli və ya qeyri-stabil iş rejimində çalışmaq yuxu rejimini poza bilər. Sonradan yuxu rejimini normallaşdırmaq da bir qədər çətin olur. Bu da həm diqqətin, həm də motivasiyanın azalmasına səbəb ola bilər.
Uşaqlarda isə xüsusilə müxtəlif oyunlar və qadcetlərdən həddindən artıq istifadə diqqətin başqa fəaliyyətlərə yönəlməsini çətinləşdirə bilər. Uşaq müəyyən oyun və ya qadcetə o qədər fokuslana bilər ki, digər fəaliyyətlərə marağı və diqqəti azala bilər”.
dəqiqələr içində saytın olsun.