Serj Sarkisyan sorğu-sualdan sonra Antikorrupsiya Komitəsini tərk edib - YENİLƏNİB
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan İrəvandakı Antikorrupsiya Komitəsində sorğu-sualdan sonra binanı tərk edib.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Jurnalistlərin hansı iş üzrə çağırıldığı ilə bağlı sualını cavablandıran Sarkisyan “İşin materiallarını alanda danışacağıq” deyib.
Qeyd edək ki, avqustun 25-də Ermənistan prokurorları Robert Köçəryan və Serj Sarkisyan da daxil olmaqla 10 nəfər barəsində cinayət təqibinə başlanıldığını açıqlayıb. Köçəryana vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı ittihamlar irəli sürülüb.
***
14:38
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ilə bağlı ittiham irəli sürülüb.
Operativ Media xəbər verir ki, Ermənistanın Antikorrupsiya Komitəsinin "NEWS.am"-a verdiyi məlumata görə, ittiham Robert Köçəryana qarşı aparılan cinayət işi çərçivəsində irəli sürülüb.
Sarkisyan 2003-cü ildə qəbul edilmiş Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur. Sözügedən maddə vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən və ya həmin səlahiyyətlərdən irəli gələn nüfuzdan sui-istifadə etmə və ya səlahiyyətləri aşma əməllərini nəzərdə tutur.
Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu avqustun 24-də Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ilə bağlı cinayət təqibinə başlanıldığını açıqlayıb.