Süni şirinləşdiricilər və "Zero" içkilər: Şəkərdən daha zərərlidirmi?
Süni şirinləşdiricilər və “Zero” içkilərin şəkərdən daha zərərli olduğu fikrini birmənalı şəkildə demək düzgün deyil. “Zero” içkilərdə şəkər əvəzinə aspartam, asesulfam-K, sukraloza, steviol qlikozidləri kimi şirinləşdiricilər istifadə olunur və onların icazə verilən miqdarlarda istifadəsi təhlükəsiz hesab edilir.
Bu sözləri Operativ Media-ya qida eskperti Fərid Səfərov deyib.

O bildirib ki, adi şəkərli qazlı içkilərlə müqayisədə “Zero” variantların əsas üstünlüyü şəkər və kalori miqdarının çox aşağı olmasıdır. Bu baxımdan xüsusilə şəkərli içkiləri tez-tez qəbul edən insanlar üçün daha uyğun alternativ ola bilər. Lakin bu, onların sağlam içki olduğu anlamına gəlmir. Qazlı içkilər turşuluğuna görə diş minasına mənfi təsir göstərə, bəzi insanlarda isə şirin dada olan istəyi artıraraq ümumi şirin qida qəbuluna təsir edə bilər:
“Digər tərəfdən, “şəkərsiz” olması məhsulu avtomatik olaraq faydalı etmir. Süni şirinləşdiricilərlə bağlı uzunmüddətli təsirlər, xüsusilə çox və davamlı istehlak zamanı, hələ də araşdırılır. Buna görə də ən düzgün yanaşma “şəkərli içki, yoxsa Zero?” seçimindən əvvəl su, mineral su və şəkərsiz içkiləri əsas seçim etməkdir.
Yəni “Zero” içkilər şəkərdən daha zərərlidir demək üçün kifayət qədər əsas yoxdur, amma onları da limitsiz və gündəlik sağlamlıq içkisi kimi qəbul etmək düzgün deyil. Əsas məsələ miqdar, tezlik və ümumi qidalanma modelidir”.
dəqiqələr içində saytın olsun.