Uşaqlarda nitq ləngiməsi: Neçə yaşında həkimə müraciət etmək vacibdir?
Uşağın ilk sözünü deməsi, səslərə reaksiya verməsi və ünsiyyət qurmağa başlaması valideynlərin diqqətlə izləməli olduğu inkişaf mərhələlərindəndir.
Bu sözləri Operativ Media-ya pediatr Sahib Cəfərov deyib.

O bildirib ki, bəzən uşağın yaşıdlarından gec danışması normal fərdi inkişaf xüsusiyyəti ola bilər. Lakin nitq və ünsiyyət bacarıqlarında nəzərəçarpacaq gecikmə olduqda “bir az da gözləyək, özü danışacaq” yanaşması doğru deyil:
“Xüsusilə 0-3 yaş dövründə nitq inkişafının vaxtında qiymətləndirilməsi və zərurət olduqda erkən müdaxilənin başlanması uşağın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
0-3 yaşda nitq inkişafına nə vaxt müdaxilə edilməlidir?
6 ay: Bu dövrdə uşağın səslənməyə və qığıldamağa başlaması, ətrafdakı səslərə, xüsusilə valideynlərin səsinə reaksiya verməsi gözlənilir. Əgər uşaq səslənmir, qığıldamır və səslərə reaksiya vermirsə, ilk növbədə eşitmə qabiliyyəti yoxlanılmalıdır.
9 ay: Uşaq “ba-ba”, “ma-ma” kimi səslər çıxarmağa, jestlərdən istifadə etməyə və ətrafdakılarla sosial qarşılıqlı əlaqəyə maraq göstərməyə başlayır. Jestlərin və sosial qarşılıqlılığın olmaması halında uşağın inkişafı qiymətləndirilməli və ehtiyac varsa müdaxiləyə başlanmalıdır.
12 ay: Bu mərhələdə uşaq ən azı bir neçə mənalı söz deməyə və jestlər vasitəsilə ünsiyyət qurmağa cəhd göstərməlidir. Mənalı sözlərin, jestlərin və ümumiyyətlə ünsiyyət cəhdinin olmaması mütəxəssis qiymətləndirməsi üçün əsasdır.
18 ay: Uşağın söz ehtiyatı tədricən artmalı, sadə tapşırıqları anlamalı və yerinə yetirməlidir. Çox az söz istifadə etməsi, deyilənləri və sadə göstərişləri anlamaması, yaxud ünsiyyətə marağının zəif olması müdaxilə üçün göstəriş hesab edilə bilər.
24 ay: Bu yaşda uşağın təxminən 50 sözə yaxın söz ehtiyatının olması və “mama gəl”, “su ver” kimi iki sözlü ifadələrdən istifadə etməsi gözlənilir. Bu bacarıqlar formalaşmayıbsa, “bir qədər də gözləyək” yanaşması düzgün deyil. Uşaq mütləq qiymətləndirilməlidir.
30 ay: Uşaq sadə cümlələr qurmağa, söz ehtiyatını sürətlə artırmağa başlamalıdır. Nitqi yaxın olmayan insanlar tərəfindən də müəyyən dərəcədə başa düşülməlidir. Nitqinin aydınlığında ciddi problem varsa və ya cümlə qurmaq bacarığı yaşına uyğun inkişaf etməyibsə, loqopedik qiymətləndirmə vacibdir.
36 ay: Bu yaşda uşaq 3-4 sözdən ibarət cümlələr qurmalı, sadə dialoqda iştirak etməli və nitqinin böyük hissəsi ətrafındakı insanlar tərəfindən başa düşülməlidir. Bu bacarıqlar formalaşmayıbsa, uşaq mütəxəssis tərəfindən qiymətləndirilməlidir.
Hansı hallarda xüsusilə diqqətli olmaq lazımdır?
Bəzi əlamətlər nitq ləngiməsindən daha geniş inkişaf probleminin göstəricisi ola bilər. Xüsusilə aşağıdakı hallarda gözləmək olmaz:
* Əvvəllər əldə etdiyi nitq bacarıqlarının itirilməsi; * Adına və səslərə zəif reaksiya; * Göz kontaktından yayınma; * Jestlərlə ünsiyyətdən istifadə etməmək və ya bundan yayınmaq; * Sadə göstərişləri anlamamaq; * Nitq geriliyi ilə yanaşı digər inkişaf sahələrində də gerilik müşahidə olunması.
Bu əlamətlərdən hər hansı biri müşahidə edilirsə, uşağın inkişafının mütəxəssis tərəfindən qiymətləndirilməsi gecikdirilməməlidir.
İlkin qiymətləndirmə necə aparılmalıdır?
Nitq inkişafında ləngimə müşahidə edildikdə ilk növbədə uşağın eşitmə qabiliyyətinin normal olub-olmadığı müəyyənləşdirilməlidir. Daha sonra uşağın reseptiv dili, yəni deyilənləri anlama qabiliyyəti, ekspressiv dili, yəni fikirlərini sözlə ifadə etmək bacarığı, sosial-kommunikativ bacarıqları və ümumi inkişafı kompleks şəkildə qiymətləndirilməlidir.
Valideynlərin ən mühüm bilməli olduğu məqamlardan biri də budur ki, erkən müdaxilə üçün mütləq formal diaqnozun qoyulmasını gözləmək lazım deyil. Əgər nitq inkişafında nəzərəçarpacaq gecikmə aşkarlanıbsa, uşağın inkişafına dəstək mümkün qədər erkən başlanmalıdır.
Bu baxımdan sahə pediatrlarının da nitq və ünsiyyət inkişafındakı göstəricilərə diqqət yetirməsi, zərurət olduqda uşağı otorinolarinqoloji (LOR), nevroloji, loqopedik və digər mütəxəssis müayinələrinə vaxtında yönləndirməsi mühüm əhəmiyyət daşıyır.
Əsas mesaj isə sadədir: “3 yaşa qədər gözləyək, özü danışacaq” yanaşması hər zaman doğru deyil. Uşağın nitq və ünsiyyət inkişafında yaşına uyğun olmayan əlamətlər varsa, erkən qiymətləndirmə və lazım gəldikdə erkən müdaxilə ən doğru addımdır”.
dəqiqələr içində saytın olsun.