Hər gün 10.000 addım atmağın real faydaları
Hər gün 10 000 addım atmaq sağlamlıq üçün məcburi şərt deyil. 10 000 addım “sehrli rəqəm” və tibbi norma hesab olunmur.
Bu sözləri Operativ Media-ya endokrinoloq Turan Bağırova deyib.

O bildirib ki, araşdırmalar göstərir ki, gündəlik addım sayı artdıqca ürək-damar xəstəlikləri və erkən ölüm riski azalır. Müntəzəm fiziki aktivlik həmçinin 2-ci tip diabet riskinin azalması, yuxu keyfiyyətinin və psixi sağlamlığın yaxşılaşması, yaşla əlaqədar koqnitiv zəifləmə riskinin azalması ilə əlaqələndirilir:
“Əsas məsələ 10 000 rəqəminə çatmaq deyil. Xüsusilə az hərəkətli insanlarda gündəlik addım sayının nisbətən kiçik artımı belə sağlamlıq baxımından faydalıdır. Məsələn, gündə təxminən 2 000 addım atan bir insanın bunu 4 000-ə çatdırması artıq müsbət dəyişiklikdir. Son illərin araşdırmalarına əsasən, təxminən 7 000 addım bir çox böyüklər üçün həm real, həm də sağlamlıq baxımından faydalı gündəlik hədəf hesab oluna bilər.
Bununla yanaşı, yalnız addımların sayı deyil, fiziki aktivliyin intensivliyi də əhəmiyyətlidir. Gəzintinin müəyyən hissəsini daha sürətli templə etmək, eləcə də yeməkdən sonra 10–15 dəqiqə gəzmək xüsusilə faydalı ola bilər. Yeməkdən sonrakı qısa gəzinti qlükozanın yeməkdən sonra yüksəlməsini azaltmağa kömək edə bilər.
Fiziki aktivliyi birdən-birə 7–10 min addıma çatdırmağa ehtiyac yoxdur. Xüsusilə əvvəllər az hərəkət edən insanlar addım sayını tədricən artırmalıdırlar. Yerimə zamanı oynaq və ya bel ağrısı yaranırsa, müəyyən rəqəmə çatmağa çalışmaq əvəzinə yükü azaltmaq və ağrının səbəbini araşdırmaq lazımdır.
Yəni məqsəd hər gün mütləq 10 000 addım atmaq deyil. Məqsəd insanın yaşına, sağlamlıq vəziyyətinə və fiziki imkanlarına uyğun olaraq daha az oturaq və daha aktiv həyat tərzi formalaşdırmaqdır”.
dəqiqələr içində saytın olsun.