Valdas Dambrauskas: “Qarşıda başqa arzularımız var”
“Sabah” FK-nın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqası ilə bağlı danışıb.
Operativ Media xəbər verir ki, komandanın baş məşqçisi “Euronews”a açıqlamasında bu nailiyyət, məşqçilik karyerasına gəlişi və qarşıdakı oyunlar barədə fikirlərini bölüşüb.
Dambrauskas Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan ilk Baltikyanı baş məşqçi olub. O, doqquz il əvvəl mövcud olmayan “Sabah”ı turnirin əsas mərhələsinə çıxararaq “Arsenal”, “Mançester Yunayted” və “Barselona” kimi klublarla qarşılaşmaq imkanı əldə edib.
Mütəxəssis 2002-ci ildə Litvanın “Kim milyonçu olmaq istəyir?” televiziya verilişində pul mükafatı qazanıb. O, həmin vəsaitdən İngiltərəyə köçmək və UEFA məşqçilik kurslarının xərclərini qarşılamaq üçün istifadə edib.
Dambrauskasın əvvəllər peşəkar futbol təcrübəsi olmayıb. O, məşqçilik kurslarının xərclərini ödəmək üçün dayə, satıcı və qəzet paylayan kimi çalışıb. Daha sonra “Fulhem”, “Brentford” və “Mançester Yunayted”in futbol akademiyalarında fəaliyyət göstərib. “Sabah” onun məşqçi karyerasında 10-cu klubudur.
“Bəzən çətin olurdu. Çox çalışmalı və həm özümə, həm də ətrafımdakı insanların şübhələrinə baxmayaraq inanmalı idim”, – deyə Dambrauskas bildirib.
Litvalı mütəxəssis “Sabah”la əldə etdiyi nəticəni karyerasında mühüm mərhələ hesab etdiyini, lakin qarşıda yeni hədəflərinin olduğunu söyləyib.
“Sabah” ötən çərşənbə axşamı “Hapoel Beer Şeva”nı 5:2 hesabı ilə məğlub edib. Bakı təmsilçisi iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə qalib gələrək Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
Bu nəticə “Sabah”a Avropanın aparıcı klubları ilə səkkiz oyun keçirmək imkanı verib. “Barselona”, Dortmund “Borussiya”sı, “Napoli” və “Slaviya” (Praqa) Bakıya səfər edəcək.
Dambrauskas və komandası isə İngiltərədə “Arsenal” və “Mançester Yunayted”, İspaniyada “Vilyarreal”, Norveçdə isə “Vikinq”lə qarşılaşacaq.
Baş məşqçi Çempionlar Liqasındakı çıxışla yanaşı, Azərbaycan çempionatında da mübarizənin vacibliyini vurğulayıb.
“Hamı Çempionlar Liqasından danışır. Lakin məhz Azərbaycan çempionatındakı çıxışımız bizə burada oynamaq imkanı verir. Diqqətimizi qorumağımız və qarşılaşacağımız hər oyuna hazırlaşmağımız çox vacibdir”, – deyə o qeyd edib.
Dambrauskas “Sabah”da müxtəlif millətlərdən olan futbolçuların yer aldığı beynəlxalq mühitin formalaşdığını bildirib. Onun sözlərinə görə, komandanın start heyətində tez-tez 11 fərqli millətin nümayəndəsi yer alır.
Mütəxəssis qeyd edib ki, belə bir mühitdə komandanın fəlsəfəsinin əsasını “hörmət” prinsipi təşkil edir.
dəqiqələr içində saytın olsun.