Menyu

Bakı İqlim Fəaliyyəti Həftəsinə start verilib

Operativ Media
Bakı İqlim Fəaliyyəti Həftəsinə start verilib

Qlobal iqlim çağırışlarına cavab verən həllərin təşviqi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunan Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) işə başlayıb. SOCAR Green-in əsas tərəfdaşlığı ilə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur.

Operativ Media xəbər verir ki, artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi hökumət və özəl sektor nümayəndələrini, investorları, beynəlxalq təşkilatları, akademik dairələri, vətəndaş cəmiyyətini, gəncləri, şəhərləri və digər tərəfləri bir araya gətirərək konkret iqlim həllərinin təşviqi, yeni tərəfdaşlıqların qurulması və investisiya imkanlarının genişləndirilməsinə xidmət edir.

Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü açılış mərasimi və enerji keçidi, iqlim maliyyəsi və sənayenin dekarbonizasiyası mövzuları ətrafında keçirilən panel sessiyaları və dəyirmi masalarla yadda qalıb. Açılış mərasimində Azərbaycanın Energetika və Xarici İşlər nazirliklərinin rəsmiləri, COP29, COP30 və COP31 sədrliyinin təmsilçiləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) və digər beynəlxalq qurumların nümayəndələri iştirak ediblər. COP29-dan COP31-ə keçid mərhələsində iqlim gündəliyində əldə edilmiş dinamikanın qorunması, qəbul olunmuş öhdəlik və təşəbbüslərin praktiki nəticələrə çevrilməsi, eləcə də bütün maraqlı tərəflər arasında daha sıx əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

İlk günün gündəliyinin əsas istiqamətlərini COP29-dan COP31-ə keçid və iqlim fəaliyyətinin davamlılığı, yaşıl enerji sənayesində innovasiya və rəqəmsal texnologiyalar, metan emissiyalarının azaldılması, karbon bazarları və iqlim maliyyəsi, eləcə də regional enerji əməkdaşlığı və bərpa olunan enerji sertifikatları mövzuları təşkil edib. Müzakirələrdə Azərbaycanın regional yaşıl enerji dəyər zəncirlərində rolu, yaşıl hidrogen potensialı və enerji keçidinin sürətləndirilməsi üçün investisiya imkanları da diqqət mərkəzində olub. Bununla yanaşı, proqram çərçivəsində elektrikləşmənin enerji keçidində rolu, enerji səmərəliliyi və rəqəmsal bina həlləri, eləcə də Xəzər regionunda metan emissiyalarının azaldılması üzrə üç dəyirmi masa keçirilib.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin əhəmiyyətini vurğulayaraq deyib: “Bakı İqlim Fəaliyyəti Həftəsinin artıq üçüncü ildir davam etməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Əsas məqsədimiz iqlim fəaliyyətini gücləndirmək, müzakirələri konkret addımlara çevirmək və yeni əməkdaşlıqlara təkan verməkdir. Bu il UNFCCC İqlim Həftəsinin də Bakıda keçirilməsi COP31 öncəsi ölkələrin mövqelərini yaxınlaşdırması və qarşıdakı danışıqlara töhfə verməsi üçün mühüm imkan yaradır. İnanırıq ki, bu müzakirələr real nəticələrə yol açacaq.”

COP29-un İqlim Dəyişmələri üzrə yüksək səviyyəli çempionu və Bakı İqlim Fəaliyyəti Həftəsinin layihə rəhbəri Nigar Arpadarai BCAW-nin COP29 irsinin davam etdirilməsi və konkret iqlim fəaliyyətinin təşviqindəki rolunu vurğulayaraq bildirib: “Bakı İqlim Fəaliyyəti Həftəsi London, Nyu-York və Rio kimi qlobal mərkəzlərin ev sahibliyi etdiyi nüfuzlu iqlim həftələri sırasında öz layiqli yerini tutub. Həftənin üçüncü dəfə keçirilməsi və hər il daha geniş beynəlxalq maraq doğurması Bakının COP29-dan sonra da qlobal iqlim gündəliyində mühüm rol oynadığını və iqlim diplomatiyasının mərkəzlərindən biri olaraq mövqeyini qoruduğunu göstərir.”

Açılış mərasimində çıxış edən COP31-in baş icraçı direktoru və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Fatma Varank isə bildirib: “Bakının ortaya qoyduğu güclü irs və Azərbaycanın iqlim diplomatiyasına verdiyi töhfə COP31-ə gedən yolda bizim üçün böyük əhəmiyyət daşıyır. Bakıdan Antalyaya uzanan bu birgə yolda təcrübələrimizi bölüşməklə, tərəfdaşlıqlarımızı gücləndirməklə və maliyyəni real fəaliyyətlərin icrasına yönəltməklə daha güclü nəticələr əldə edə bilərik. Bu baxımdan, Bakı İqlim Fəaliyyəti Həftəsini yalnız görüş platforması kimi deyil, COP29-dan COP31-ə uzanan iqlim fəaliyyəti körpüsünün mühüm dayanacaqlarından biri kimi qiymətləndiririk.”

Bakı İqlim Fəaliyyəti Həftəsi ildən-ilə daha böyük miqyasda və daha zəngin proqramla keçirilir. 2025-ci ildə proqram çərçivəsində 46 tədbir keçirilib və 30-dan çox mövzu əhatə olunub. BCAW 2026 isə daha geniş sektor və iştirakçı qruplarını bir araya gətirərək iqlim gündəliyinin prioritetlərini konkret fəaliyyət, tərəfdaşlıq və investisiya imkanları ilə əlaqələndirməyə fokuslanır. Bu ilki həftə çərçivəsində 15 əsas dəyirmi masanın və çoxsaylı tərəfdaş tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Dəyirmi masaların bir qismi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 4-cü İqlim Həftəsi – İcra Forumu ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Qeyd edək ki, builki Bakı İqlim Fəaliyyəti Həftəsinin tərəfdaşları sırasında SOCAR Green, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Regional İnkişaf İctimai Birliyi (RİİB), AnewZ TV, “Slavyanka”, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) və Shoppingaz.az platforması yer alır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər