Yalçın Rəfiyev: Azərbaycan COP31-də balanslaşdırılmış nəticələrin əldə olunması üçün fəal tərəfdaş kimi qalacaq
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-nın açılışında çıxış edib.
Operativ Media xəbər verir ki, Bakıda start götürən tədbirdə çıxış edən Y.Rəfiyev bildirib ki, Azərbaycanın COP29 Sədrliyi dövründə əsası qoyulan bu platforma hökumətləri, biznes sektorunu və vətəndaş cəmiyyətini iqlim dialoqu ətrafında birləşdirən davamlı mexanizmə çevrilib. Nazir müavini təşkilatlanmada COP29-un Yüksək Səviyyəli İqlim Çempionu Nigar Arpadarayın xüsusi rolunu vurğulayıb.
Çıxışında dünyada baş verən son iqlim fəlakətlərinə, xüsusən Nepal və Çində insan tələfatına səbəb olan daşqın və sürüşmələrə toxunan Baş danışıqçı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib:
"Bu faciələr bizə xatırladır ki, iqlim dəyişikliyi artıq sabahın xəbərdarlığı deyil, bugünün reallığıdır. Geosiyasi qarşıdurmaların və etimadın azaldığı bir dövrdə iqlim dəyişikliyi heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi bir çağırış olaraq qalır".
Y.Rəfiyev diqqətə çatdırıb ki, Bakıda razılaşdırılmış yeni iqlim maliyyəsi hədəfi - 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar həcmində resursların ayrılması və bu vəsaitin 1,3 trilyon dollara çatdırılması səyləri inkişaf etməkdə olan ölkələr üçün əlçatan olmalıdır.
Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 konfransına da toxunub. O, COP31-in Təyin olunmuş Prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun konfransı "İcraat COP-u"na (Implementation COP) çevirmək baxışını dəstəklədiklərini bildirib.
Azərbaycanın iqlim diplomatiyasında körpüsalma rolunu davam etdirəcəyini vurğulayan Y.Rəfiyev, Şamda keçirilən "Shamakhi Retreat" kimi təşəbbüslərin tərəflər arasında etimadı artırmağa xidmət etdiyini deyib. O, Azərbaycanın Türkiyə, Avstraliya və digər tərəfdaşlarla birgə Antalyada balanslaşdırılmış və nəticəyönümlü yekunların əldə olunması üçün fəal tərəfdaş kimi qalacağını bəyan edib.
dəqiqələr içində saytın olsun.