Muxtar Babayev: İqlim dəyişmələri ilə bağlı əməkdaşlıq üçün şərtlər çətinləşib
İqlim dəyişmələri ilə bağlı əməkdaşlıq üçün şərtlər 10 il əvvəlki dövrlə müqayisədə daha da çətinləşib.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil etdiyi yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı bildirib.
O qeyd edib ki, Paris Sazişi qəbul edilərkən əsas məqsəd ortaq qlobal istiqamət ətrafında konsensus yaratmaq olub. Lakin pandemiya, münaqişələr, enerji böhranları, inflyasiya və artan geosiyasi rəqabət dünyada vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib.
Muxtar Babayev bildirib ki, iqlimlə bağlı fəaliyyət milli prioritetlərlə rəqabət aparmamalı, əksinə, ölkələrin öz prioritetlərini həyata keçirmə üsulunun bir hissəsinə çevrilməlidir.
Onun sözlərinə görə, enerji keçidi enerji təhlükəsizliyini və əlçatanlığını gücləndirməli, adaptasiya tədbirləri iqtisadiyyatları, infrastrukturu və icmaları qorumalı, iqlimə davamlı kənd təsərrüfatı isə ərzaq və su təhlükəsizliyinə töhfə verməlidir.
“COP-lar istiqamət müəyyənləşdirə və siyasi dinamika yarada bilər, lakin COP-lar elektrik şəbəkələri qurmur. Onlar dayanıqlı infrastrukturu maliyyələşdirmir və texnologiyaları tətbiq etmir. Bunlar milli siyasətlər, investisiya qərarları, maliyyə institutları və bizneslər vasitəsilə həyata keçirilir”, - deyə M.Babayev vurğulayıb.
O əlavə edib ki, hazırda əsas məsələ COP prosesinə ehtiyacın olub-olmaması deyil, bu prosesin COP-dan kənarda daha çox fəaliyyətə necə təkan verə biləcəyidir.
“İqlim liderliyinin növbəti sınağı yalnız razılaşma əldə etmək bacarığımız olmayacaq. Əsas sınaq əldə olunan razılaşmaları real nəticələrə çevirmək bacarığımız olacaq”, - deyə M.Babayev qeyd edib.
dəqiqələr içində saytın olsun.