Menyu

Kristian Mensah: COP-lar hər dəfə yeni başlanğıc nöqtəsinə çevrilməməlidir

Nərmin Qocamanlı
Kristian Mensah: COP-lar hər dəfə yeni başlanğıc nöqtəsinə çevrilməməlidir

COP-lar hər dəfə yeni başlanğıc nöqtəsinə çevrilməməlidir.

Operativ Media xəbər verir ki, bunu COP31 İqlim üzrə Yüksək Səviyyəli Çempionlarının baş müşaviri Kristian Mensah Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, İqlim üzrə Yüksək Səviyyəli Çempionlarının əsas vəzifəsi iqlim ambisiyalarını iqtisadiyyatın bütün sahələrində real fəaliyyətlə əlaqələndirmək, hökumətləri biznes, investorlar, şəhərlər, regionlar, vətəndaş cəmiyyəti və digər qeyri-dövlət aktorları ilə bir araya gətirməkdir.

“Bizim məsuliyyətimiz yalnız öhdəlikləri təşviq etmək deyil. Əsas məsələ həmin öhdəliklərin real fəaliyyətə çevrilməsi üçün lazımi şəraitin yaradılmasına kömək etməkdir. Bunun üçün davamlılıq və insan amilinin prosesin mərkəzində olması vacibdir”, - deyə Kristian Mensah vurğulayıb.

Onun sözlərinə görə, iqlimlə bağlı siyasi bəyanatların real nəticəyə çevrilməsi üçün qərarların insanların gündəlik həyatına təsiri nəzərə alınmalıdır.

“Biz istənilən qədər siyasi bəyanatlar verə bilərik. Amma bunlar insanların həyatına təsir etmirsə, nəticə əldə olunmayıb. Sudandakı bir uşaq Antalyada qəbul edilən qərarların onun təsərrüfatına, məktəbə getmək imkanına və daşqınlardan qorunmasına necə təsir etdiyini bilməlidir”, - deyə o bildirib.

Mensah iqlim fəaliyyətinin həyata keçirilməsi üçün maliyyələşmənin də mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, hökumətlər əlverişli mühit formalaşdırmalı və siyasi istiqamət verməli, biznes investisiya yatırmalı, şəhərlər qərarları icra etməli, maliyyə institutları kapitalı səfərbər etməli, innovatorlar yeni həllər hazırlamalı, vətəndaş cəmiyyəti isə prosesin inklüziv və hesabatlı olmasına töhfə verməlidir.

Baş müşavir “Sıfır Tullantı” yanaşmasının da iqlim gündəliyinin mühüm hissəsi olduğunu deyib.

“Tullantı yalnız ekoloji məsələ deyil. Bu, resurslardan səmərəli istifadə, iqtisadiyyat, biznes və cəmiyyət məsələsidir. Dövri iqtisadiyyat biznesdən məhsuldarlıq və istehlaka yanaşmanı yenidən nəzərdən keçirməyi, şəhərlərdən tullantıların idarə olunması sistemlərini təkmilləşdirməyi, investorlardan yeni texnologiyalara və infrastruktura maliyyə ayırmağı, vətəndaşlardan isə davranış dəyişikliyində iştirak etməyi tələb edir”, - deyə Mensah əlavə edib.

O, Türkiyədə “Sıfır Tullantı” təşəbbüsünün həyata keçirilməsində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın fəaliyyətini də yüksək qiymətləndirib.

Mensah bildirib ki, “Sıfır Tullantı” yalnız tullantıların idarə edilməsi ilə bağlı deyil: “Bu, tullantıların qarşısının alındığı, resursların dəyərinin qorunduğu və materialların uzun müddət məhsuldar şəkildə istifadədə saxlanıldığı sistemlərin yaradılması deməkdir”.

Kristian Mensah COP-ların hər dəfə yeni başlanğıc nöqtəsinə çevrilməməsinin vacibliyini də vurğulayıb.

“Bir sədrliyin dövründə yaradılan prioritetlər, tərəfdaşlıqlar və təşəbbüslər növbəti sədrliyin dövründə də davam etdirilməlidir. Bizim üçün COP-la bağlı ən vacib sual yalnız konfrans zamanı nə baş verdiyi deyil, ondan sonra nələrin davam edəcəyidir. Antalyanı yalnız siyasi nəticələrlə deyil, Antalya şəhərindən kənarda da fəaliyyət göstərəcək tərəfdaşlıqlarla tərk etməliyik”, - deyə o bildirib.

O, çıxışının sonunda gənclərə müraciət edərək iqlim gündəliyində gələcək nəsillərin rolunun vacibliyini vurğulayıb:

“Biz estafeti sizə ötürürük. Sükan arxasında biz varmışıq kimi görünə bilər, amma əslində belə deyil. Estafeti sizə ötürürük. Sabah mən əlil arabasında olarkən sizdən soruşacağam: sizə verilənlərlə nə etdiniz?”

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər