Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində yüksək səviyyəli dəyirmi masa keçirib
Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COP31-dən sonrakı iqlim liderliyi: tərəfdaşlıq vasitəsilə icranın təmin edilməsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib.
Operativ Media xəbər verir ki, artıq ikinci ildir ki, Bakı İqlim Fəaliyyəti Həftəsi ilə əməkdaşlıq edən Mərkəz bu il də iqlim sahəsində beynəlxalq dialoqun və tərəfdaşlığın gücləndirilməsinə töhfə verir. COP31-ə hazırlıq çərçivəsində keçirilən dəyirmi masada son onillikdə qlobal iqlim liderliyinin inkişafı və Paris Sazişindən etibarən əldə olunan təcrübə müzakirə olunub. İştirakçılar dəyişən geosiyasi şəraitin beynəlxalq iqlim əməkdaşlığına təsiri, iqlim öhdəliklərinin konkret fəaliyyətə çevrilməsi və yeni tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirin açılış sessiyasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və Türkiyə Böyük Millət Məclisinin Ətraf Mühit Komitəsinin sədri Mehmet Qalib Ensarioğlu çıxış ediblər.
Panel müzakirəsində isə COP29-un yüksək səviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai, COP31 İqlim üzrə Yüksək Səviyyəli Çempionlarının baş müşaviri Kristian Mensah, “Fortescue” şirkətinin İdarə Heyətinin üzvü, “ExxonMobil”-in sabiq vitse-prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Cin Baderşnayder, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitri Şlapaçenko, Bosniya və Herseqovinanın BMT-də daimi nümayəndəsi, ölkənin sabiq Baş naziri Zlatko Laqumdziya, Millətlər Birliyinin sabiq Baş katibi, Böyük Britaniya Lordlar Palatasının üzvü Patrisia Skotland, Özbəkistanda Dayanıqlı İnkişaf Mərkəzinin rəhbəri Saida Safayeva, “Baker Hughes” şirkətinin Avropa və MDB üzrə vitse-prezidenti Yelena Akoltseva, Ərəb Liqasının sabiq Baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa, Belçikanın sabiq Baş naziri İv Leterm, eləcə də COP29-un Gənclər üzrə İqlim Çempionu Leyla Həsənova iştirak ediblər.
Panel zamanı geosiyasi dəyişikliklərin beynəlxalq iqlim əməkdaşlığına təsiri, enerji təhlükəsizliyi, iqtisadi rəqabətlilik, səhiyyə, ərzaq sistemləri, texnologiya və dayanıqlı inkişaf məsələləri müzakirə olunub. Eyni zamanda, hökumətlər, beynəlxalq təşkilatlar, maliyyə institutları, biznes və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi, iqlim öhdəliklərinin konkret nəticələrə çevrilməsi və COP31-ə gedən yolda icranın sürətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
dəqiqələr içində saytın olsun.