KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib
Azərbaycanda sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritetlərindəndir.
Operativ Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun iclasında bildirib.
O qeyd edib ki, bu sahədə xidmətlərin optimallaşdırılması və rəqəmsallaşdırılması, innovativ yanaşmaların tətbiqi mühüm əhəmiyyət daşıyır. Yeni mexanizmin sahibkarlığın inkişafına cavabdeh qurumların iştirakı ilə birgə müzakirəsi və formalaşdırılması yekun sənədin daha əhatəli hazırlanmasına imkan verəcək.
Koodinasiya Qrupunda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş iclasda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsini nəzərdə tutan yeni mexanizm üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il 24 fevral tarixli Fərmanı ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsi mexanizmlərinin hazırlanması tapşırılıb. Hazırda sahibkarlıq sahəsində dövlət siyasətini dövlət müəyyən edir, biznes subyektlərinə xidmətlər dövlət qurumları tərəfindən göstərilir və bu xidmətlərin nəticələrinə nəzarət edilir. Yeni mexanizmin tətbiqi ilə isə biznes subyektlərinə göstərilən xidmətlər üzrə əməliyyat, texniki və təşkilati funksiyaların mərhələli şəkildə özəl sektora ötürülməsi nəzərdə tutulur. Müvafiq mexanizm hazırlanarkən biznes subyektlərinə göstərilən xidmətlərin fasiləsizliyinin və keyfiyyətinin təmin edilməsi, xidmətlərin sosial əlçatanlığının qorunması, məlumatların təhlükəsizliyinin və məxfiliyinin təmin olunması, habelə maraqlar toqquşmasının qarşısının alınması kimi məsələlərə xüsusi diqqət yetiriləcəkdir.
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu Nazirlər Kabinetinin 2024-cü il 13 yanvar tarixli Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda 30-a yaxın dövlət qurumunun nümayəndəsi təmsil olunur.
dəqiqələr içində saytın olsun.