Əhliman Əmiraslanov: Tibb işçilərinin maaşının artırılması bölgələrdə həkim çatışmazlığının həllinə təkan verəcək
Tibb işçilərinin əməkhaqlarının artırılması bölgələrdə həkim çatışmazlığının həllinə böyük təkan verə bilər.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bölgələrdə tibb işçilərinin, xüsusilə həkimlərin çatışmazlığı məsələsi Səhiyyə Komitəsində, plenar iclaslarda və dinləmələrdə dəfələrlə müzakirə olunub.
Əhliman Əmiraslanov qeyd edib ki, tibb işçilərinin əməkhaqqının artırılması nəticəsində illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.
“Bu, çox böyük rəqəmdir və hesab edirəm ki, tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biridir”, - deyə komitə sədri bildirib.
O qeyd edib ki, icbari tibbi sığorta və TƏBİB-də islahatlar davam edir. Əhliman Əmiraslanov Səhiyyə Komitəsinin bu istiqamətdə müxtəlif təkliflərinin olduğunu və bundan sonra da təkliflər veriləcəyini bildirib.
Komitə sədri icbari tibbi sığortanın əhali arasında bütün xəstəlikləri və patologiyaları əhatə etməsinin vacibliyini vurğulayıb.
“Bütün patologiyalar qarşılanmayanda insanlar arasında müəyyən ayrı-seçkilik və narazılıq yaranır. Əminəm ki, yeni islahatlar çərçivəsində, xüsusilə əhali arasında geniş yayılan xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunması istiqamətində bu məsələ öz həllini tapacaq”, - deyə o bildirib.
Əhliman Əmiraslanov dövlət proqramlarının icbari tibbi sığorta hesabına qarşılanması məsələsinin də aktual olduğunu deyib.
O bildirib ki, bir neçə vacib dövlət proqramı hələ də icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməyib və onların da sığorta ilə əhatə olunması vacibdir.
Komitə sədri ambulator müalicə alan xəstələrin bəzi dərman preparatları ilə təminatının icbari tibbi sığorta hesabına qarşılanmasının da vacib məsələlərdən biri olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı “Tibbi sığorta haqqında” qanuna bir neçə il əvvəl dəyişiklik edilib və hazırda da əhalinin gözləntiləri arasındadır.
Əhliman Əmiraslanov ilkin tibbi xidmət sahəsində problemlərin, xüsusilə bölgələrdə ciddi xarakter daşıdığını bildirib.
“Bu gün ilkin tibbi xidmətin, ilkin tibbi yardımın səviyyəsi bizi təmin edə bilməz. Xüsusilə bölgələrdə ciddi problemlər var. Kəndlərdə, xüsusilə uzaq və yol infrastrukturu yaxşı olmayan kəndlərdə ilkin tibbi xidmətlə bağlı böyük çətinliklər mövcuddur”, - deyə o bildirib.
Komitə sədrinin sözlərinə görə, həmin ərazilərdə həm ilkin səhiyyə xidmətinin maddi-texniki bazası, həm də kadr təminatı ilə bağlı problemlər var.
O xatırladıb ki, Səhiyyə Nazirliyi və Milli Məclisin Səhiyyə Komitəsinin təşkilatçılığı ilə bu istiqamətdə dinləmə keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in nümayəndələri, həmçinin ekspertlər iştirak ediblər.
Əhliman Əmiraslanov qeyd edib ki, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi də əhalini narahat edən məsələlərdəndir.
O bildirib ki, icbari tibbi sığortadan insanların məmnunluğu artır, lakin xəstəxanalarda yaranan uzun növbələr narazılığa səbəb olur.
Komitə sədri yaxın vaxtlarda həyata keçiriləcək islahatlar çərçivəsində qeyd olunan məsələlərə ciddi diqqət yetiriləcəyinə əmin olduğunu bildirib.
Əhliman Əmiraslanov əlavə edib ki, Milli Məclisin Səhiyyə Komitəsi və deputatlar səhiyyə sahəsində aparılan islahatlarda iştirak etməyə hazırdırlar.
dəqiqələr içində saytın olsun.