Kamran Bayramov: Regional təhlükəsizlik məsələləri Türk dünyası üçün həyati əhəmiyyət kəsb edir
"Türk dünyasının birliyi və strateji gücü müasir geosiyasi reallıqlar fonunda keyfiyyətcə yeni, daha yüksək mərhələyə qədəm qoyur".
Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, bu mühüm tendensiyanın bariz təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, eləcə də Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının təhlükəsizlik strukturlarının rəhbərlərindən ibarət heyəti qəbul edib. Sözügedən görüş qardaş dövlətlərin yalnız siyasi və mədəni müstəvidə deyil, eyni zamanda milli təhlükəsizlik, regional sabitlik və qlobal çağırışlara qarşı vahid cəbhə formasında çıxış etmək iradəsini növbəti dəfə nümayiş etdirdi. Eyni zamanda, ümumtürk coğrafiyasının təhlükəsizlik sisteminin möhkəmləndirilməsi istiqamətində atılan bu strateji addım Bakının Türk dünyasında əsas inteqrasiya və güc mərkəzi kimi mövqeyini bir daha təsdiqləyir.
K.Bayramov qeyd edib ki, qlobal miqyasda geosiyasi gərginliklərin artdığı və hərbi münaqişələrin dərinləşdiyi bir dövrdə regional təhlükəsizlik məsələləri Türk dünyası üçün həyati əhəmiyyət kəsb edir:
"Dövlətimizin başçısının da vurğuladığı kimi, xüsusilə Azərbaycanın yerləşdiyi coğrafiyada baş verən proseslər təhlükəsizlik tədbirlərinin və birgə koordinasiyanın gücləndirilməsini vacib şərtə çevirir. Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar ölkələrimizin perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər və prinsipcə, səbəb də olur".
Bu reallıq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik strukturları arasında operativ məlumat mübadiləsini və birgə strategiyaların işlənib hazırlanmasını daha da zəruri edir. Regionda sabitliyin dayanıqlı olması yalnız qardaş dövlətlərin vahid mövqedən çıxış etməsi və potensial təhdidlərə karşı çəkindirici güc nümayiş etdirməsi ilə mümkündür. Deputat diqqətə çatdırıb ki, cəmiyyətin mənəvi sağlamlığının və daxili sabitliyin qorunması milli təhlükəsizlik strategiyamızın ana xəttini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən milli-mənəvi dəyərlərə sadiqliyin və daxili sabitliyin əhəmiyyətini xüsusi vurğulayıb.
Dövlətimizin başçısı bildirib ki, ölkəmizdə antimilli ünsürlərin və marjinal qrupların təsir imkanları sıfıra endirilib, çünki xalqımız öz tarixi-mənəvi köklərinə və dövlətçilik prinsiplərinə sıx bağlıdır. Qlobal informasiya müharibələri və ideoloji təsir cəhdlərinin genişləndiyi müasir dövrdə gənc nəslin xarici manipulyasiyalardan qorunması Türk dünyasının təhlükəsizlik strategiyasında aparıcı yer tutur. Müəyyən xarici güc mərkəzləri suveren dövlətlərin daxili sabitliyini pozmaq üçün gəncləri əsas hədəf kimi seçirlər. Prezident İlham Əliyev bu təhdidlərə diqqət çəkərək, ümumtürk coğrafiyasında gənclər siyasətinin sıx koordinasiya olunmasının vacibliyini xüsusi vurğulayıb".
K.Bayramov əlavə edib ki, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi regionda onilliklər boyu davam edən əsas münaqişə ocağını və geosiyasi gərginlikləri arxada qoyub:
"Bu tarixi nailiyyət təkcə ölkəmizin daxili sabitliyini təmin etmədi, eyni zamanda bütün Türk dünyasının inteqrasiya və inkişaf prosesləri üçün yeni, strateji imkanlar pəncərəsi açdı. Dövlət başçımızın vurğuladığı kimi, artıq əsas prioritet qardaş dövlətlər arasında qarşılıqlı fəaliyyəti, təhlükəsizlik koordinasiyasını və milli-mənəvi birliyi daha da möhkəmləndirməkdir. Müasir dövrün mürəkkəb geosiyasi şəraitində xarici təzyiqlərə və daxili sabitliyi pozmaq cəhdlərinə qarşı ən effektiv sipər məhz bu sarsılmaz birlikdir. Göründüyü kimi, Türk dövlətlərinin həm siyasi, həm də təhlükəsizlik müstəvisində vahid cəbhə kimi çıxış etməsi Türk Dövlətləri Təşkilatını dünya siyasətində söz sahibi olan və qlobal qərarların qəbulunda rol oynayan aparıcı beynəlxalq institutlardan birinə çevirməyi hədəfləyir. Bakı isə bu strateji prosesin əsas inteqrasiya və güc mərkəzi kimi öz liderlik mövqeyini bir daha nümayiş etdirir".
dəqiqələr içində saytın olsun.