20 Sentyabr Azərbaycanın suverenliyinin təntənəsinə çevrildi - ŞƏRH
20 sentyabr 2023-cü il Azərbaycan tarixində xüsusi yer tutur. Üç il əvvəl, 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsini Ermənistanın işğalından azad etdi. Bununla belə, müəyyən bir ərazidə hələ də Ermənistan qoşunları və separatçı rejim qalırdı.
Bu sözləri Operativ Media-ya deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, Azərbaycan dəfələrlə onlara Azərbaycan qanunlarına tabe olmağa, qeyri-qanuni fəaliyyətə son qoymağa çağırmışdı:
“Ancaq bu baş verməmişdi. Əksinə, həmin ərazidə Azərbaycan qoşunları ilə təmas xəttində minalar basdırılır, Azərbaycan əhalisinə və silahlı qüvvələrinə qarşı təxribatlar törədilirdi. Və əlbəttə ki, bu terror yuvasına son qoymaq lazım idi.

Nəticədə, 19 sentyabrdan 20 sentyabra keçən müddətdə, cəmi bir sutka ərzində Azərbaycan Ordusu həmin ərazi üzərində nəzarəti bərpa etdi. Bununla da Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin edildi. Azərbaycan uzun müddət çiyinlərində daşıdığı ağır bir yükdən azad oldu və dünyaya öz torpağına sahib çıxmasının nümunəsini göstərdi.
Azərbaycan hələ Vətən müharibəsindən sonra azad olunmuş ərazilərin bərpasına başlamışdı. Minalanmış sahələr təmizləndi, yeni qəsəbələr salındı, insanların rahatlığı və təhlükəsizliyi üçün maksimum işlər görüldü.
Bu gün birmənalı şəkildə deyə bilərik ki, həm 2020-ci, həm də 2023-cü il hadisələri Azərbaycanın gücünü, Azərbaycan vətəndaşının torpağına sevgisini göstərdi. Cənab Prezident də çox düzgün olaraq 20 sentyabrı Suverenlik Günü elan etdi. Bakıda açılan yeni metro stansiyalarından birinin 20 Sentyabr adlandırılması da bu baxımdan xüsusi məna daşıyır.
Bununla göstərildi ki, Azərbaycan öz torpağının sahibidir və heç vaxt bir qarışını belə kiməsə güzəştə getməyəcək. Azərbaycan əsgəri Azərbaycan xalqının dəstəyinə söykənərək bu qəhrəmanlığı göstərdi. Bu proses artıq Azərbaycan suverenliyinin bütün ərazi boyu təntənəsinə çevrildi.
Bu, həyatımızda və qarşımızda duran məsələlərin həllində böyük imkanlar yaratdı. Əlbəttə ki, yeni şərait yeni yanaşma tələb edir. Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərdə xüsusi nümayəndələrinin təyin edilməsi, həmin ərazilərdə kəşfiyyat işləri aparan şirkətlər və insanlar üçün böyük güzəştlərin elan edilməsi, insanlar üçün iş yerlərinin yaradılması – bütün bunlar yeniliklər hesab edilə bilər.
Xarici qonaqların həmin regionlara səfərləri də onlara işğal dövründəki vəziyyətlə indiki vəziyyət arasındakı kəskin fərqi görməyə imkan verdi”.
dəqiqələr içində saytın olsun.