Epileptik tutma zamanı ilk olaraq nə etmək lazımdır? - Həkim danışır
Epileptik tutmalar ümumiyyətlə digər tutma və bayılma hallarından fərqlənir. Epileptik tutmalar psixi tutmalar, bayılmalar, damar mənşəli hallar və istilik tutmaları ilə eyni deyil.
Bu sözləri Operativ Media-ya nevroloq Rəna Abbasova deyib.
O bildirib ki, epileptik tutmalar fokal və generalizə olmaqla iki yerə ayrılır:
“Generalizə olunmuş epileptik tutmalarda huşun itməsi, donmalar, baxışın bir tərəfə dönməsi, titrəmələr və əsmələr müşahidə oluna bilər. Bəzi hallarda başın arxaya doğru gəlməsi də epileptik tutmanın xarakterik xüsusiyyətlərindən biri ola bilər.
Fokal epileptik tutmalar isə hər zaman huşun itməsi ilə müşayiət olunmur. Belə tutmalar yalnız əldə titrəmənin olması və ya bədənin bir tərəfində sinir fəaliyyətinin pozulması ilə özünü göstərə bilər. Bu zaman huşun itməsi mütləq deyil. Bəzi hallarda tutmalar yalnız əllərdə əsmə şəklində də müşahidə olunur.
Epilepsiyası olan xəstələr bilməlidirlər ki, təyin olunmuş dərmanları vaxtlı-vaxtında qəbul etmək vacibdir. Həmçinin normal gecə yuxusuna diqqət etmək, düzgün qidalanmaq, stresdən, həddindən artıq fiziki və emosional yüklənmədən, eləcə də yorğunluqdan uzaq durmaq tövsiyə olunur.
Epileptik tutma zamanı isə ilk növbədə xəstənin xəsarət almasının qarşısını almaq lazımdır. Bunun üçün xəstənin başının altına yumşaq bir əşya, məsələn, balış qoymaq olar. Burada əsas məqsəd xəstənin başını və bədənini mümkün xəsarətlərdən qorumaqdır.
Tutma zamanı xəstənin ağzına su tökmək və ya hər hansı əşya qoymaq olmaz. Bu, olduqca təhlükəlidir. Su və ya yad cisim tənəffüs yollarına düşərək xəstənin boğulmasına səbəb ola bilər.
Əgər epileptik tutma beş dəqiqədən çox davam edərsə, mütləq təcili tibbi yardım çağırılmalıdır. Belə hallarda xəstənin stasionara çatdırılması və tibbi müdaxilənin göstərilməsi vacibdir”.
dəqiqələr içində saytın olsun.