Barmaqlardakı keyimə hansı xəstəlikdən xəbər verə bilər?
Hər əldə keyimə karpal tunel sindromu demək deyil. Karpal tunel sindromu bilək nahiyəsində median sinirin sıxılması nəticəsində yaranır və özünəməxsus simptomlarla özünü göstərir.
Bu sözləri Operativ Media-ya uzman fizioterapevt Əziz Dərvişov deyib.
O bildirib ki, əgər keyimə əsasən baş, şəhadət və orta barmaqda, bəzən isə üzük barmağının yarısında hiss olunursa, bu karpal tunel üçün daha xarakterikdir:
“Xüsusilə gecələr yuxudan oyadan keyimə, səhər əlin key olması və əli silkələdikdə müvəqqəti rahatlama bu sindromun tipik əlamətləridir.
Buna qarşılıq, yalnız kiçik barmağın keyiməsi daha çox ulnar sinir problemlərini, boyundan başlayıb qola yayılan keyimə isə servikal sinir kökü sıxılmasını düşündürə bilər. Buna görə də təkcə simptomun yerinə əsasən diaqnoz qoymaq düzgün deyil.
Elmi klinik təlimatlara əsasən, karpal tunel sindromunun qiymətləndirilməsi xəstənin şikayətləri ilə yanaşı Phalen, Tinel və karpal kompressiya kimi klinik testlərin, həmçinin hissiyat və baş barmaq əzələlərinin funksiyasının birlikdə dəyərləndirilməsi ilə aparılır. Zərurət olduqda diaqnoz EMQ ilə təsdiqlənə bilər.
Nəticə: Əgər əldə keyimə mütəmadi təkrarlanır, gecələr artır və baş–şəhadət–orta barmaqları əhatə edirsə, bunu sadəcə “qan dövranı zəifdir” kimi qiymətləndirmək olmaz. Erkən fizioterapevtik və həkim müayinəsi sinirin uzunmüddətli zədələnməsinin qarşısını almaqda mühüm rol oynayır”.
dəqiqələr içində saytın olsun.