Deputat: "Alban xristian irsinin öyrənilməsi dövlət səviyyəsində diqqət mərkəzindədir"
Qarabağda Qafqaz Albaniyasının xristian irsi məsələsinə, ilk növbədə, tarixi həqiqətin elmi metodlarla araşdırılması məsələsi kimi yanaşmalıyıq. Mən əvvəlki yazımda da vurğulamışdım ki, Qafqaz Albaniyası Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın qədim dövlətçilik və mədəniyyət tarixinin mühüm səhifələrindən biridir.
Bu sözləri Operativ Media-ya deputat Ülviyyə Həmzəyeva deyib.
O bildirib ki, onun xristian irsinin öyrənilməsi isə regionun tarixinin daha dərindən anlaşılması baxımından xüsusi əhəmiyyət daşıyır:
“Hesab edirəm ki, bu istiqamətdə əsas vəzifələrdən biri Qafqaz Albaniyası və onun xristian irsi ilə bağlı araşdırmaların daha geniş beynəlxalq elmi müstəviyə çıxarılmasıdır. Azərbaycan alimlərinin tədqiqatları nüfuzlu xarici elmi jurnallarda və beynəlxalq nəşriyyatlarda dərc edilməli, müxtəlif dillərdə dünya elmi ictimaiyyətinə təqdim olunmalıdır. Eyni zamanda, Qafqazşünaslıq, arxeologiya, memarlıq tarixi, epiqrafika və orta əsrlər tarixi üzrə xarici mütəxəssislərin iştirakı ilə birgə tədqiqat layihələrinin və elmi ekspedisiyaların həyata keçirilməsi olduqca vacibdir.
Digər mühüm istiqamət Qarabağ və Şərqi Zəngəzurdakı xristian abidələrinin müasir elmi metodlarla kompleks tədqiqidir. Abidələrin tikinti mərhələləri, memarlıq xüsusiyyətləri, kitabələri, arxeoloji materialları, eləcə də sonrakı dövrlərdə aparılmış əlavələr və dəyişikliklər ayrıca sənədləşdirilməlidir. Tarixçilər, arxeoloqlar, memarlar, epiqraflar və digər sahələrin mütəxəssislərinin birgə fəaliyyəti abidələrin tarixinin daha dəqiq müəyyənləşdirilməsinə imkan verə bilər.
Bu sahədə dövlət səviyyəsində görülən işləri də xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev Qafqaz Albaniyasının xristian irsinin qorunmasına və öyrənilməsinə daim diqqət göstərir. Dövlət başçısı Qafqaz Albaniyası kilsələrini Azərbaycanın tarixi-mədəni sərvəti kimi qiymətləndirib və bu irsin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. İşğaldan azad edilmiş ərazilərə səfərləri zamanı qədim xristian abidələri ilə tanış olması da bu məsələyə dövlət səviyyəsində verilən önəmin göstəricisidir.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Fond uzun illərdir dini və mədəni irsin qorunması və bərpası istiqamətində mühüm layihələr həyata keçirir. Qəbələnin Nic qəsəbəsində Müqəddəs Yelisey adına Cotari Alban-Udi kilsəsinin əsaslı bərpa olunaraq dini icmanın istifadəsinə verilməsi, eləcə də Müqəddəs Məryəm Ana Alban kilsəsinin bərpası bunun konkret nümunələridir. Prezident İlham Əliyev və Mehriban Əliyevanın 2024-cü ildə Xudavəng monastır kompleksində olması da bu irsə göstərilən diqqətin davamlı xarakter daşıdığını göstərir.
Düşünürəm ki, artıq görülən bu işlərin davamı olaraq əsas hədəflərdən biri həmin irsin beynəlxalq elmi müstəvidə daha sistemli təqdimatı olmalıdır. Qarabağdakı Alban xristian abidələrinin rəqəmsal inventarının yaradılması, onların yüksək keyfiyyətli foto və video materiallarının, 3D modellərinin, kitabələrinin, arxeoloji materiallarının və elmi tədqiqatlarının vahid beynəlxalq elektron bazada toplanması bu baxımdan mühüm addım ola bilər. Belə bir platformanın bir neçə dildə fəaliyyət göstərməsi xarici tədqiqatçıların ilkin elmi materiallarla birbaşa işləməsinə imkan verər.
Eyni zamanda, elmi müzakirədən çəkinməməliyik. Qarabağdakı bir sıra xristian abidələrinin tarixi-mədəni mənsubiyyəti ilə bağlı fərqli yanaşmalar mövcuddur. Buna ən düzgün cavab mötəbər mənbələri, arxeoloji materialları və elmi dəlilləri beynəlxalq ekspertizaya təqdim etməkdir. Müxtəlif ölkələrin alimlərinin iştirakı ilə konfransların, dəyirmi masaların və elmi ekspedisiyaların təşkili Azərbaycanın elmi mövqeyinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edə bilər.
UNESCO, ICOMOS və digər beynəlxalq elmi-mədəni qurumlarla əməkdaşlıq da bu prosesin mühüm istiqamətlərindən biri olmalıdır. Məqsəd Qarabağdakı tarixi və dini irsin qorunmasını, obyektiv şəkildə sənədləşdirilməsini və gələcək nəsillərə çatdırılmasını təmin etməklə yanaşı, Qafqaz Albaniyasının xristian irsinin dünya elmi ictimaiyyətində daha dərindən öyrənilməsinə nail olmaqdır.
Düşünürəm ki, Azərbaycanın bu məsələdə ən güclü mövqeyi məhz elmdən keçir. Biz dünya alimlərinə abidələrimizi və tədqiqat materiallarımızı açmalı, onları birgə araşdırmalara dəvət etməliyik. Tarixi irsin beynəlxalq səviyyədə tanıdılmasının ən etibarlı yolu daha çox fundamental tədqiqat, daha çox elmi əməkdaşlıq və mümkün qədər açıq elmi müzakirədir.
Nəticədə məqsədimiz yalnız Qafqaz Albaniyasının zəngin xristian irsini tanıtmaq deyil, bu irsin tarixini obyektiv elmi metodlarla araşdıraraq dünya elmi dövriyyəsində layiq olduğu yeri tutmasına nail olmaqdır. Tarixi həqiqətin ən güclü müdafiəsi elmi fakt, açıq tədqiqat və beynəlxalq elmi əməkdaşlıqdır”.
dəqiqələr içində saytın olsun.