İlham Əliyev: Bu gün dünya sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşayır
"Bu gün dünya sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşayır. Beynəlxalq münasibətlər sistemində baş verən proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişələr və qarşıdurmalar qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirir".
Operativ Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində deyib.
Onun sözlərinə görə, dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir:
"Müasir çağırışların miqyası və təhdidedici xarakteri qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, çevik və əlaqələndirilmiş yanaşmaların tətbiqini zəruri edir. Çünki təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. Hər hansı bir regionda meydana gələn böhran və ya gərginlik ocağı qısa müddət ərzində digər regionlara təsir göstərə, siyasi və iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə xələl gətirə, nəqliyyat və kommunikasiya əlaqələrində ciddi fəsadlara yol aça bilir. Terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq və digər transsərhəd təhdidlər də məhz bu qarşılıqlı bağlılıqdan istifadə edərək daha mürəkkəb xarakter alır.
Xüsusilə müasir texnologiyaların və yeni imkanların terrorçuluğun fəaliyyət dairəsinin genişləndirilməsi üçün istifadə olunması ciddi narahatlıq doğurur. Rəqəmsal imkanlardan, o cümlədən süni intellektin bədniyyətli istifadəsi radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinə təkan verərək terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır. Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır".
dəqiqələr içində saytın olsun.