Menyu

Azər Allahverənov: "Qafqaz Albaniyasının irsi ilə bağlı böyük elmi bazanın yaradılmasına ehtiyac var"

Ayşən Sadıxzadə
Azər Allahverənov: "Qafqaz Albaniyasının irsi ilə bağlı böyük elmi bazanın yaradılmasına ehtiyac var"

Son dövrlərdə dünyanın bir sıra ölkələrində Qafqazşünaslığın öyrənilməsi ilə bağlı müxtəlif mərkəzlər fəaliyyət göstərir və orada müxtəlif illərdə araşdırmalar aparan tədqiqatçılar var. Bu baxımdan düşünürəm ki, ilk növbədə alban irsi ilə bağlı beynəlxalq elmi standartlara uyğun ciddi sənədləşdirmənin aparılmasına və müstəqil tədqiqatçılar üçün böyük elmi bazanın yaradılmasına ehtiyac var.

Bu sözləri Operativ Media-ya deputat Azər Allahverənov deyib.

O sözlərinə belə davam edib: “Nəzərə alsaq ki, mövzu artıq beynəlxalq akademik müstəvidə geniş şəkildə müzakirə olunur, hətta bir sıra alimlər bilavasitə Qafqaz Albaniyasının tarixi, arxeologiyası, dili, yazılı abidələri, dini və kilsələri ilə bağlı ciddi araşdırmalar aparırlar və bu araşdırmalar müəyyən dərəcədə ümumiləşdirilir. Bu baxımdan düşünürəm ki, ilk növbədə beynəlxalq silsilə simpoziumların keçirilməsinə ciddi ehtiyac var.

Burada Qafqazşünasların və kilsə tarixi üzrə ixtisaslaşmış mütəxəssislərin geniş şəkildə cəlb olunması vacibdir. Məhz onların iştirakı ilə Qafqaz Albaniyasının xristian irsi ilə bağlı müzakirə və dialoq platforması yaradılmalı, bu məsələyə kifayət qədər obyektiv münasibətin sərgilənməsinə nail olunmalıdır.

Çünki burada önəmli olan məsələ odur ki, son zamanlar bu mövzu ətrafında daha çox siyasiləşmə meyillərini görürük. Halbuki bu mədəni irsin kifayət qədər zəngin və dərin tarixi köklərə malik olduğunu nəzərə alsaq, məsələ ilə bağlı əhatəli və genişmiqyaslı elmi müzakirələrin təşkilinə ciddi ehtiyac var.

Bununla yanaşı, Qafqaz Albaniyasına məxsus abidələrin vahid rəqəmsal reyestrinin hazırlanması istiqamətində də artıq müəyyən işlər həyata keçirilir. Buraya 3D görüntülərin yaradılması, daş kitabələrin və digər tarixi-maddi irsi özündə əks etdirən dəyərlərin foto görüntülərinin hazırlanması və digər istiqamətlər daxildir. Bu da olduqca vacib yanaşmadır.

Nəticə etibarilə, bu işlər sonrakı mərhələdə elmi araşdırmaların daha dərinləşdirilmiş şəkildə aparılması üçün ciddi zəmin yaradır.

Düşünürəm ki, burada əsas diqqət konkret sübutlara da yetirilməlidir. Yazılı mənbələr, kitabələr, irsilik xüsusiyyətləri, arxeoloji təbəqələr və digər məsələlər çox ciddi sübut bazasının formalaşdırılmasına gətirib çıxara bilər.

Xüsusilə nəzərə alsaq ki, bu işlər görülməyənədək qonşularımız Qafqaz Albaniyası ilə bağlı, xüsusilə də alban kilsələri ilə bağlı saxta tarixi məlumatları dövriyyəyə ötürməyə hər zaman hazırdırlar. Düzdür, indi, xüsusilə də son proseslər çərçivəsində biz çox ciddi tarixi sübutları ortaya çıxara bilən elmi yanaşmaların əhəmiyyətini görürük. Lakin bəzi elm adamları elmi müstəvidə özlərini daha çox saxta iddialar və saxta sübutlar üzərində köklənmiş yanaşmalarla təqdim edirlər”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər