İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məşğulluq: 2027–2030-cu illərin hədəfləri - TƏHLİL
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə müəyyən edilmiş hədəflər göstərir ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafı dövlətin qeyri-neft sektorunun şaxələndirilməsi siyasətində strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Söhbət yalnız yeni istehsal sahələrinin yaradılmasından deyil, regionların iqtisadi potensialının sistemli şəkildə dövriyyəyə cəlb edilməsindən gedir.
Bunu sözləri Operativ Media-ya deputat Aydın Hüseynov deyib.

Aydın Hüseynov bildirib ki, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması bu siyasətin sosial mahiyyətini də aydın göstərir:
“Yeni müəssisələrin Kəlbəcər, Ağdərə, Zəngilan, Daşkəsən, Balakən və Naxçıvan kimi bölgələrdə formalaşdırılması məşğulluğun coğrafiyasını genişləndirməklə yanaşı, iqtisadi fəallığın paytaxtdan regionlara doğru daha balanslı şəkildə yayılmasına xidmət edəcək.
Həmçinin, bu proqramın əsas üstünlüyü ondan ibarətdir ki, dövlət xammal hasilatı ilə kifayətlənməyən daha dərin sənayeləşmə modelinə keçir. Hasilat, zənginləşdirmə, emal və son məhsul istehsalını bir iqtisadi zəncirdə birləşdirmək əlavə dəyərin ölkə daxilində formalaşmasına, yeni sənaye müəssisələrinin yaranmasına və yerli istehsal imkanlarının genişlənməsinə şərait yaradır.
Qərb Sənaye Parkının bu baxımdan mühüm istehsal mərkəzlərindən birinə çevrilməsi nəzərdə tutulur.
Regional inkişaf baxımından bunun təsiri təkcə birbaşa məşğulluqla məhdudlaşmayacaq.
Yeni mədən və metallurgiya layihələri logistika, enerji, tikinti, mühəndislik, servis və xidmət sahələrində əlavə tələbat yaradacaq. Bu isə yerli sahibkarlığın genişlənməsinə, yeni peşə və ixtisaslara ehtiyacın artmasına, regionlarda əmək bazarının keyfiyyətcə dəyişməsinə səbəb ola bilər. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə sənaye layihələrinin reallaşdırılması bərpa və reinteqrasiya siyasətinin iqtisadi dayaqlarını gücləndirir.
Məqsəd həmin ərazilərdə yalnız infrastruktur qurmaq deyil, uzunmüddətli məşğulluq və dayanıqlı iqtisadi həyat formalaşdırmaqdır. Bu mənada Dövlət Proqramı qeyri-neft sektorunun inkişafı, regional tarazlığın təmin olunması və yeni sənaye mərkəzlərinin yaradılması baxımından mühüm siyasi-iqtisadi sənəddir. Onun real nəticəsi isə regionlarda yaradılan daimi iş yerlərinin, formalaşan yeni istehsal zəncirlərinin və yerli iqtisadi fəallığın miqyası ilə ölçüləcək”.
dəqiqələr içində saytın olsun.