Laziz Kudratov: Azərbaycan üzərindən yükdaşımaları iki dəfə artırmışıq
“Biz nəqliyyat dəhlizlərimizi şaxələndiririk və bizim üçün ən cəlbedici istiqamətlərdən biri Orta Dəhlizdir. Son iki-üç il ərzində Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmışıq və bunu artırmaqda davam edirik. Bu il də müsbət artım müşahidə olunur, təxminən 30 faiz”.
Operativ Media xəbər verir ki, bunu İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov deyib.
Nazirin sözlərinə görə, hazırda Orta Dəhliz üzrə yükdaşımaların artırılması üçün yeni imkanların yaradılması istiqamətində iş aparılır.
“Zəngəzur dəhlizinə, onun Azərbaycanın Naxçıvan üzərindən keçən hissəsinə investisiyalardan danışırıq. Özbəkistan Orta Dəhlizin imkanlarının artırılmasını dəstəkləməyə və daha böyük tutumlara investisiya yatırmağa sadiqdir”.
Laziz Kudratov bildirib ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi də prioritet istiqamətlərdəndir.
“Artıq Azərbaycan da daxil olmaqla Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi 13 milyard dollara çatıb. Qarşıya məqsəd qoyulub ki, 2030-cu ilədək region daxilində qarşılıqlı ticarət 20 milyard dollara çatdırılsın”.
O qeyd edib ki, əməkdaşlıq yalnız ticarətlə məhdudlaşmır, sənaye tərəfdaşlığı və birgə investisiyalar da genişlənir.
“Özbəkistanın Azərbaycanda avtomobil sənayesinə və bir sıra digər sahələrə investisiyaları var. Azərbaycan da Özbəkistana müxtəlif sektorlara, o cümlədən mədənçıxarma, daşınmaz əmlak, enerji və bir çox digər sahələrə investisiya yatırır. Bu, göstərir ki, biz birgə bazarın, vahid iqtisadi və biznes məkanının inkişafı üzərində işləyirik”.
Nazir enerji təhlükəsizliyinin də Özbəkistan üçün mühüm prioritet olduğunu vurğulayıb.
“Bu günə qədər kapital cəlb etməyə və enerji istehsalımızda bərpa olunan enerjinin payını təxminən 30 faizə çatdırmağa nail olmuşuq. 2030-cu ilədək enerji istehsalımızın strukturunda günəş, külək və hidroenerjinin payını 54 faizə çatdıracağıq”.
Laziz Kudratov bildirib ki, Özbəkistan və Azərbaycan Mərkəzi Asiyadan Avropaya yaşıl elektrik enerjisinin çatdırılması ilə bağlı birgə layihələri müzakirə edir.
“Hazırda Azərbaycanla birlikdə regionumuzdan Avropaya yaşıl elektrik enerjisinin, ucuz yaşıl elektrik enerjisinin çatdırılması ilə bağlı birgə layihələri müzakirə edir və inkişaf etdiririk. Hesab edirik ki, qarşıdakı illərdə Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək yeni layihələr hazırlaya biləcəyik”.
Nazirin sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya ölkələri dayanıqlı və uzunmüddətli iqtisadi artımın təmin edilməsi, eləcə də regionun vahid investisiya məkanına çevrilməsi istiqamətində əməkdaşlıq edir.
dəqiqələr içində saytın olsun.