Azərbaycan-ABŞ arasında yeni əməkdaşlıq sənədləri hazırlanır
Azərbaycan və ABŞ arasında əməkdaşlıq yalnız hesabatlarla məhdudlaşmır, bir sıra konkret sazişlər imzalanıb, yeni sənədlərin hazırlanması istiqamətində isə işlər davam etdirilir.
Operativ Media xəbər verir ki, bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” panel sessiyasında xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O bildirib ki, bu ilin fevralında ABŞ vitse-prezidentinin Azərbaycana səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında əməkdaşlığa daha geniş çərçivə yaradıb.
Nazir müavininin sözlərinə görə, iyunda ilk Azərbaycan-ABŞ iqtisadi dialoqu keçirilib və bu proses strateji çərçivənin praktiki əməkdaşlığa çevrilməsinə başlanğıc verib. Dialoq çərçivəsində Amerika şirkətləri bir sıra mühüm razılaşmaları yekunlaşdırıblar.
E.Məmmədov qeyd edib ki, kritik minerallar, rəqəmsal infrastruktur və Azərbaycanın mədəniyyəti ilə bağlı əməkdaşlıq sənədləri də hazırlanıb.
Onun sözlərinə görə, “Exxon” şirkəti ilə Azərbaycan arasında qeyri-ənənəvi quruda yerləşən neft ehtiyatlarının inteqrasiyası, işlənməsi və hasilatı ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Bundan əlavə, kritik mineralların tədarükünün təmin edilməsi, onların hasilatı və emalı üzrə çərçivə sazişinin hazırlanması istiqamətində iş aparılır.
Nazir müavini bildirib ki, ABŞ-ın “Holstein Resources” şirkəti mövcud və yeni qaz yataqlarında, eləcə də infrastruktur layihələri, xidmətlər və digər sahələrdə mümkün əməkdaşlıq və investisiya imkanlarını araşdıracaq.
“J.P. Morgan” ilə strateji layihələrin maliyyələşdirilməsi sahəsində uzunmüddətli əməkdaşlığın genişləndirildiyini deyən E.Məmmədov bunun SOCAR-ın uzunmüddətli maliyyə resurslarına çıxışını artırdığını vurğulayıb.
O əlavə edib ki, SOCAR və “Chevron” Azərbaycanın neft-qaz potensialının qiymətləndirilməsi məqsədilə birgə texniki araşdırma aparacaqlar. “Apollo Capital Management” ilə əməkdaşlıq isə enerji maliyyələşdirilməsi sahəsində əlaqələrin genişləndirilməsinə yönəlib.
E.Məmmədov süni intellektin inkişafı və keyfiyyət infrastrukturu sahələrində də əməkdaşlığın nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, “Microsoft” və “Oracle” kimi şirkətlərlə əməkdaşlıq çərçivəsində anlaşma memorandumları imzalanıb.
“Lumos Technologies” ilə imzalanmış memorandum isə neft emalı və neft-kimya sektorlarında əməkdaşlıq üçün çərçivə yaradıb.
Nazir müavini qeyd edib ki, bunlar Azərbaycan-ABŞ əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrdən yalnız bir neçəsidir.
dəqiqələr içində saytın olsun.