Uşaqlarda təkrarlanan ağrılar: Valideynlər hansı hallarda narahat olmalıdır?
Uşaqlarda təkrarlanan baş, qarın və ətraf ağrıları valideynlər üçün adi görünə bilər. Lakin ağrının tez-tez təkrarlanması, xüsusiyyətlərinin dəyişməsi və digər əlamətlərlə müşayiət olunması diqqətdən kənarda qalmamalıdır. Belə hallarda əsas məsələ ağrını dərmanla aradan qaldırmaq deyil, onun səbəbini və xarakterini düzgün müşahidə etməkdir.
Bu barədə Operativ Media-ya pediatr Sahib Cəfərov danışıb.

O bildirib ki, uşaqlarda təkrarlanan ağrılar həm pediatrlar üçün differensial diaqnostika baxımından, həm də valideynlər üçün xüsusi diqqət və müşahidə tələb edən vəziyyətdir:
“Valideynlərin əsas vəzifəsi hər hansı üsul və ya dərman vasitəsi ilə ağrını kəsmək və ya vəziyyəti “keçər” kimi qiymətləndirmək deyil. Ağrının xarakterini, davamlılığını və hansı hallarda təkrarlanmasını müşahidə edərək düzgün qərar vermək vacibdir.
Əlbəttə, təkrarlanan ağrılar hər zaman təhlükəli vəziyyət kimi qiymətləndirilmir. Lakin valideynlərin diqqət etməli olduğu bir sıra məqamlar var:
-Ağrı hansı nahiyədədir? Həmişə eyni yerdə olur, yoxsa yerini dəyişir?
-Hansı tezliklə və əsasən nə zaman təkrarlanır?
-Qida qəbulu ilə əlaqəsi varmı?
-Uşağı gecə yuxudan oyadırmı?
-Ağrı nə qədər davam edir?
-Ağrı ilə yanaşı başqa hansı əlamətlər müşahidə olunur?
Valideynin ilk vəzifələrindən biri təhlükəli əlamətlərin olub-olmamasını qiymətləndirməkdir. Xüsusilə aşağıdakı hallarda diqqətli olmaq lazımdır:
-Ağrı qəfil və güclü başlayırsa;
-Şüurda dəyişiklik varsa;
-Nəfəs almaqda çətinlik yaranırsa;
-Qıcolma və digər yeni nevroloji əlamətlər müşahidə edilirsə;
-Güclü baş ağrısı təkrarlanan qusma ilə müşayiət olunursa;
-Görmə pozğunluğu yaranırsa;
-Güclü qarın ağrısı ilə yanaşı hərəkət etməkdə çətinlik yaranırsa və qarında əzələ gərginliyi müşahidə edilirsə;
-Sidiyin rəngində dəyişiklik qeyd olunursa;
-Uşaq maye qəbul etmirsə və sidiyin miqdarında əhəmiyyətli azalma müşahidə edilirsə;
-Ağrı ilə yanaşı yüksək hərarət varsa.
Sadalanan əlamətlərdən hər hansı biri müşahidə olunarsa, uşağın vəziyyətinin təcili qiymətləndirilməsi üçün pediatra müraciət etmək məsləhətdir”.
dəqiqələr içində saytın olsun.