CICA-da media tənzimləyiciləri arasında əməkdaşlıq genişlənir
CICA çərçivəsində mövcud tənzimləyicilər, kommunikasiya qurumları və digər maraqlı tərəflər arasında daha müntəzəm əlaqələrin və məlumat mübadiləsinin inkişaf etdirilməsinin faydalı olacağı qənaətindəyik.
Operativ Media xəbər verir ki, bunu Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “CICA Media Forum”da Türkiyənin Radio və Televiziya Baş İdarəsinin (RTÜK) sədri Mehmet Daniş bildirib.
Onun sözlərinə görə, məlumatların təhlükəsizliyi, kommunikasiya vasitələrinin etik məsuliyyəti, süni intellekt və yeni texnologiyaların təsirləri, həmçinin dezinformasiya ilə mübarizə və tərəfdaşlıq istiqamətində oxşar layihələrin gələcəkdə birgə həyata keçirilməsi mühüm məsələlərdəndir.
Daniş qeyd edib ki, əsas məqsəd ölkələrin tənzimləmə modellərini olduğu kimi kopyalamaq deyil, müxtəlif milli təcrübələrdən yararlanaraq ortaq problemlərlə bağlı vahid yanaşma formalaşdırmaqdır.
“Hər ölkənin öz hüquq sistemi, media strukturu və ictimai dinamikası fərqli ola bilər. Lakin etibarlı informasiyaya çıxışın genişləndirilməsi, cəmiyyətlərin rəqəmsal dayanıqlığının artırılması və informasiya sahəsində qarşılıqlı etimadın formalaşdırılması hamımızın ortaq marağıdır.
İnanıram ki, Türkiyənin bu sahədə birləşdirici və gücləndirici baxışı AQEM-ə üzv ölkələr arasında ortaq etimad mühitinin yaradılmasına töhfə verəcək.
Birlikdə yaradacağımız enerji ilə Asiya coğrafiyasında informasiya təhlükəsizliyi sahəsində ortaq düşüncə, həmrəylik və qarşılıqlı etimad prinsipləri əsasında irəliləməyə davam edəcəyik”, - deyə Mehmet Daniş vurğulayıb.
dəqiqələr içində saytın olsun.