Deputat: Böyük Qayıdışın növbəti mərhələsində əsas hədəf demoqrafik və iqtisadi dayanıqlılıqdır
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi statistik göstəricilər Qarabağ və Şərqi Zəngəzurda 96 min insanın yaşaması, çalışması və təhsil alması, 48 yaşayış məntəqəsində məskunlaşmanın təmin olunması azad edilmiş ərazilərdə bərpa prosesinin artıq keyfiyyətcə yeni müstəviyə keçdiyini göstərir.
Bu sözləri Operativ Media-ya deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, ilk illərdə əsas diqqət baza infrastrukturunun qurulmasına, yolların və enerji şəbəkələrinin çəkilməsinə yönəlmişdisə, bərpa büdcəsinin 28 milyard manatı ötdüyü hazırkı mərhələdə əsas çağırış, sadəcə, fiziki köçü deyil, demoqrafik və iqtisadi dayanıqlılığı təmin etməkdir:
“Böyük Qayıdışın növbəti fazasında prossesin tempini qoruyub saxlamaq və sürətləndirmək üçün analitik baxışdan dörd əsas sistem tələbi ön plana çıxır.
Köçürülən əhalinin ərazidə uzunmüddətli qalmasının yeganə zəmanəti özünü doğruldan iqtisadi ekosistemdir. Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarının tam gücü ilə işə düşməsi, istehsalat zəncirlərinin qurulması strateji əhəmiyyət kəsb edir. Dövlət investisiyaları ilə yanaşı, özəl kapitalın regiona cəlb edilməsi üçün vergi və gömrük güzəştlərinin tətbiqi, kiçik və orta biznes subyektlərinə güzəştli kreditlərin ayrılması sürətlənməlidir. Aqrar sektorda isə fərdi təsərrüfatlardan daha çox müasir kooperativlərin və intensiv suvarma texnologiyalarına əsaslanan iri aqroparkların payı artırılmalıdır. Mina təhlükəsi tikinti və məskunlaşma tempini məhdudlaşdıran başlıca amil olaraq qalır. Təmizləmə prosesini sürətləndirmək üçün standart mexaniki üsullarla yanaşı, süni intellekt dəstəkli PUA-ların, peyk təsvirlərinin və müasir detektor texnologiyalarının tətbiq miqyası isə genişləndirilməkdədir. Burada əsas məsələ prioritetlərin düzgün müəyyənləşdirilməsidir ki, hazırda təmizləmə işləri ilk növbədə iqtisadi dövriyyəyə dərhal cəlb oluna biləcək kənd təsərrüfatı torpaqlarına və növbəti yaşayış massivlərinin salınacağı ərazilərə fokuslanır. Fiziki mənzil təminatına gəlincə isə görünən odur ki, bu yalnız ilk addımdır. Regionun tam inteqrasiyası üçün keyfiyyətli sosial xidmət şəbəkəsi qurulmasına xüsusi diqqət yetirilir, müasir məktəb və tibb müəssisələrinin binalarını tikməklə yanaşı, oraya yüksək ixtisaslı kadrların daimi işləməyə cəlb edilməsi istiqamətində iş aparılır. Habelə güzəştli mənzil təminatı, yüksək əməkhaqqı əmsalları və sosial paketlərdən ibarət motivasiya proqramları əsas hərəkətverici qüvvəyə çevrilməkdədir. Regionun "sıfırdan" bərpa olunması isə burada ən müasir idarəetmə modellərinin tətbiqinə unikal imkan yaradır. "Ağıllı kənd" və "Ağıllı şəhər" konseptlərinin miqyasının böyüdülməsi, kommunal xidmətlərin rəqəmsal platformalar üzərindən idarə olunması resurslara qənaət etməklə yanaşı, bürokratik maneələri minimuma endirəcək və regionu yaşayış üçün daha rahat məkana çevirəcəkdir.
Cənab İlham Əliyevin əsas vizyonu isə ona yönəlib ki, Böyük Qayıdışın növbəti mərhələsində uğur, sadəcə, tikilən binaların və köçürülən ailələrin sayı ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun ölkənin ümumi iqtisadi və sosial potensialına sürətlə və effektiv inteqrasiya olunması ilə ölçülsün”.
dəqiqələr içində saytın olsun.