Menyu

Azərbaycanda biznesin süni intellektə keçidində əsas maneələr açıqlanıb

Ayşən Sadıxzadə
Azərbaycanda biznesin süni intellektə keçidində əsas maneələr açıqlanıb
1 dəq oxu

“Azərbaycanda şirkətlərin süni intellektə marağı çox sürətlə artır, lakin maraqla real hazırlıq eyni şey deyil”.

Bu sözləri Operativ Media-ya açıqlamasında texnoloq Elvin Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda bir çox şirkətin əməkdaşları ChatGPT və digər süni intellekt alətlərindən istifadə edir. Lakin bu, şirkətin süni intellekt texnologiyalarına tam hazır olduğu anlamına gəlmir.

“Şirkətin süni intellektə hazırlığı o zaman mümkündür ki, məlumatlar qaydasında olsun, daxili sistemlər inteqrasiya oluna bilsin, təhlükəsizlik qaydaları müəyyən edilsin və hansı prosesdə süni intellektdən nə üçün istifadə olunacağı aydın olsun”, – deyə Elvin Həsənov qeyd edib.

Onun sözlərinə görə, böyük şirkətlər süni intellekt texnologiyalarına daha sürətlə uyğunlaşır. Bank, telekommunikasiya, pərakəndə satış, logistika və xidmət sahələrində süni intellektdən müştəri sorğularının cavablandırılması, satışların proqnozlaşdırılması, sənədlərin təhlili, fırıldaqçılığın aşkarlanması və daxili hesabatların hazırlanması üçün istifadə etmək mümkündür.

Texnoloq bildirib ki, kiçik və orta şirkətlərdə əsas problem çox vaxt texnologiyanın özündən deyil, məlumatların dağınıq olmasından və düzgün rəqəmsal proseslərin qurulmamasından qaynaqlanır.

“Ən böyük risk odur ki, bəzi şirkətlər süni intellekti sadəcə trend kimi görür və ‘bizdə də olsun’ yanaşması ilə hərəkət edir. Halbuki süni intellektə veriləcək əsas sual ‘Nə edə bilər?’ deyil, ‘Bizim hansı konkret problemimizi həll edə bilər?’ olmalıdır”, – deyə o vurğulayıb.

Elvin Həsənovun sözlərinə görə, əməkdaşın hər gün eyni hesabatı əl ilə hazırlaması, çoxsaylı müraciətləri təsnif etməsi və ya böyük həcmdə sənədləri yoxlaması kimi proseslərdə süni intellektdən istifadə vaxt və resurslara qənaət etməyə imkan verə bilər.

O, məlumat təhlükəsizliyinin də əsas məsələlərdən biri olduğunu qeyd edib.

“Əməkdaş şirkətin müqaviləsini, maliyyə məlumatını və ya müştəri məlumatını nəzarətsiz şəkildə açıq süni intellekt platformasına yükləyirsə, bu artıq texnoloji üstünlük yox, riskdir”, – deyə texnoloq bildirib.

Elvin Həsənov əlavə edib ki, şirkətlər süni intellektdən istifadə ilə bağlı daxili qaydalar hazırlamalı və əməkdaşlara hansı məlumatların süni intellekt platformaları ilə paylaşılmasının mümkün olduğunu izah etməlidirlər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər