Rizvan Nəbiyev: Beynəlxalq təcrübə korrupsiya ilə mübarizədə mühüm rol oynayır
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında qanun layihəsində korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi və həvəsləndirilməsi ilə bağlı beynəlxalq təcrübə nəzərə alınıb. Bu sahədə institusional müdafiə, hüquqi təminat və maliyyə stimulu əsas istiqamətlərdir.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Rizvan Nəbiyev parlamentdə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Azərbaycanın orta güc statusu yalnız beynəlxalq münasibətlər sistemindəki mövqeyi ilə deyil, həm də ölkə daxilində güclü institusional dayaqların yaradılması, sosial müdafiə, şəffaflıq və hesabatlılıq kimi amillərlə ölçülməlidir.
Rizvan Nəbiyev korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi məsələsinə beynəlxalq təcrübə əsasında yanaşmağın vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Almaniyada əsas diqqət güclü institusional müdafiəyə yönəldilir və maliyyə stimulu tətbiq olunmur. Məlumat verən şəxsin fəaliyyəti dövlətin gücləndirilməsinə töhfə kimi qiymətləndirilir. Bununla yanaşı, dəymiş ziyanın kompensasiyası məsələsi də mövcuddur.
Deputat qeyd edib ki, ABŞ-da isə maliyyə stimulu daha çox ön plana çıxır.
“Cənubi Koreya modelində bunun hər ikisi var: güclü institusional müdafiə və maliyyə stimulu”, – deyə Rizvan Nəbiyev bildirib.
O hesab edir ki, Azərbaycanda hazırlanmış qanun layihəsində də hər iki yanaşma öz əksini tapıb.
“Mən hesab edirəm ki, bizim qanunvericilik layihəsi də elə bunun hər ikisini özündə əks etdirir. Çağırışlar nəzərə alınmaqla hazırlanıb, beynəlxalq təcrübədən çıxış etməklə hazırlanıb. İndi orada təklif olunan məbləğ və s. buna bəlkə də başqa formada yanaşmaq olar”, – deyə deputat vurğulayıb.
Rizvan Nəbiyev bildirib ki, bu tipli qanun layihələri hazırlanarkən üç əsas istiqamət nəzərə alınmalıdır: institusional müdafiənin təşkili, hüquqi müdafiə və maliyyə stimulu.
“Hesab edirəm ki, təqdim olunan qanun layihəsi hazırkı şəraitdə bu faktorları nəzərə alınmaqla hazırlanmışdır və təbii ki, təkmilləşmənin heç vaxt sonu yoxdur. Buna həmişə hansısa şəraitdə baxmaq imkanları var”, – deyə o qeyd edib.
Deputat əlavə edib ki, qanun layihəsinin hazırlanması və tətbiqi zamanı Azərbaycan cəmiyyətinin reallıqları da nəzərə alınmalıdır.
“Əslində, bəlkə də bir alman-avropalı yanaşmasını tətbiq eləsək, dövlətimizi də, həmin müəssisəni də, şəxsləri də böyük fəlakətdən qorumaq imkanı var”, – deyə Rizvan Nəbiyev bildirib.
dəqiqələr içində saytın olsun.