Nurlan Həsənov: Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi əsas prioritetlərdəndir
“Qanun layihəsi vətəndaşın verdiyi məlumatı hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyəti ilə birləşdirərək korrupsiyanın aşkarlanması üçün əlavə imkan yaradır”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov parlamentdə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat xatırladıb ki, Azərbaycan BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Konvensiyasını 2005-ci ildə ratifikasiya edib. Onun sözlərinə görə, Konvensiyanın 33-cü maddəsində vicdanla və əsaslı səbəblərlə məlumat verən şəxslərin haqsız rəftardan qorunması üçün tədbirlərin milli hüquq sisteminə daxil edilməsi nəzərdə tutulub.
Nurlan Həsənov korrupsiya barədə məlumat verən şəxslərin həvəsləndirilməsi ilə bağlı beynəlxalq təcrübənin də maraqlı nümunələr təqdim etdiyini bildirib.
“Amerika Birləşmiş Ştatlarının Qiymətli Kağızlar və Birjalar Komissiyası 2024-cü il maliyyə hesabatında qeyd edir ki, məlumat verən şəxs, toplam 47 nəfərə ümumilikdə 255 milyon dollardan artıq mükafat ödənilib. Və bu, qiymətli kağızlar qanunvericiliyi ilə xüsusi proqramdır, lakin məlumatın aşkarlanmasının dəyərini göstərən diqqətəlayiq bir nümunədir”, – deyə deputat bildirib.
Deputat qanun layihəsində bir sıra müddəaları müsbət qiymətləndirib.
“Bizim layihədə birbaşa ixtisaslaşmış prokurorluq orqanına müraciət etmək hüququnun, vicdanlı yanılma zamanı müdafiənin və iş yerində qisas tədbirlərinin qadağan edilməsinin nəzərdə tutulmasını xüsusilə müsbət qiymətləndirirəm və qisas xarakterli tədbirlərə dair dəlillərin təkzib edilməsi yükünün təşkilat rəhbərinin üzərinə qoyulması mühüm təminat kimi qiymətləndirilə bilər”, – deyə Nurlan Həsənov vurğulayıb.
O, mexanizmin tətbiqinin səmərəliliyi üçün üç məqamın xüsusilə nəzərə alınmalı olduğunu bildirib.
“Birincisi, cinayət əlamətləri aşkarlandıqda materiallar daxili araşdırmanın yekununu gözləmədən dərhal müvafiq hüquq-mühafizə orqanına, yəni prokurorluğa göndərilə bilər.
İkincisi, təhlükəsizlik tədbirləri real təhlükəyə operativ cavab verməli, formal prosedurlar müdafiəni gecikdirməməlidir.
Üçüncüsü də mükafatlandırmanın hesablanması, maliyyələşdirilməsi və bir neçə məlumat verən şəxs arasında bölüşdürülməsi daha aydın qaydalarla tənzimlənə bilər”, – deyə deputat qeyd edib.
Nurlan Həsənov əlavə edib ki, burada əsas göstəricilər məlumatların vaxtında araşdırılması, məlumat verən şəxsin müdafiəsi, ziyanın ödənilməsi və korrupsiya risklərinin aradan qaldırılmasıdır.
dəqiqələr içində saytın olsun.