Kamran Bayramov: Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı yeni geoiqtisadi reallıq yaradır - RƏY
Türkmənbaşı sammiti göstərdi ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında inteqrasiya artıq yalnız siyasi dialoqla məhdudlaşmır.
Bu sözləri Milli Məclisin deputatı Kamran Bayramov Operativ Media-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bu platformaya tamhüquqlu qoşulması regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ açıb.
Deputat qeyd edib ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü platforması 2018-ci ildə yaradılıb və indiyədək 7 rəsmi, 1 qeyri-rəsmi görüş keçirilib. Onun sözlərinə görə, Azərbaycanın tamhüquqlu iştirakı ilə əvvəllər “C5” formatında olan əməkdaşlıq mexanizmi faktiki olaraq “C6” formatına çevrilib.
K.Bayramov Azərbaycan-Türkmənistan münasibətlərinin də son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. O, ötən ildən bəri iki ölkə arasında beş yüksək səviyyəli səfərin həyata keçirildiyini diqqətə çatdırıb.
Deputat Prezident İlham Əliyevin Azərbaycan-Türkmənistan münasibətləri ilə bağlı fikirlərini də xatırladıb. Dövlət başçısı bildirib: “Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir”.
K.Bayramov qeyd edib ki, Türkmənistanın təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində məscidin tikintisi də iki ölkə arasında mənəvi yaxınlığın göstəricilərindəndir. Prezident İlham Əliyev layihə ilə bağlı deyib: “Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın sarsılmaz dostluğunun və mənəvi yaxınlığının daha bir parlaq sübutudur”.
Deputatın sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. O, Prezident İlham Əliyevin Xəzər dənizinin ölkələr arasında nəqliyyat əlaqələrində getdikcə daha mühüm rol oynadığını və Xəzərin hər iki sahilindəki infrastrukturun Mərkəzi Asiyanı Azərbaycan və beynəlxalq bazarlarla birləşdirmək baxımından vacib olduğunu vurğuladığını bildirib.
K.Bayramov qeyd edib ki, marşrutların optimallaşdırılması və onların daha səmərəli və rəqabətədavamlı olması ortaq məqsədlərdən biridir.
Deputat iqtisadi və ticari əlaqələrdə də müsbət dinamikanın müşahidə edildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb.
“Bu gün Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir”, – deyə K.Bayramov bildirib.
O qeyd edib ki, Azərbaycan son illərdə Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb və bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir. Deputat birgə layihələrin, yeni istehsal müəssisələrinin və sənaye əməkdaşlığının genişləndirilməsi üçün həmin fondların imkanlarından daha fəal istifadə edilməsinin vacibliyini vurğulayıb.
K.Bayramovun fikrincə, Türkmənbaşı sammiti Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında inteqrasiyanın yeni mərhələyə keçdiyini göstərir. O bildirib ki, bu əməkdaşlıq Avrasiya məkanında yeni geoiqtisadi reallıq yaradan və qlobal bazarlara çıxışı genişləndirən strateji istiqamətə çevrilir.
dəqiqələr içində saytın olsun.