Aydın Mirzəzadə: Prezidentin Türkmənistan səfəri mühüm əhəmiyyət daşıyır - RƏY
“Azərbaycanın türk dünyası ölkələri, o cümlədən Türkmənistanla çox yaxşı münasibətləri var. Son illərdə Azərbaycanla türk dövlətləri arasında əlaqələrin genişləndiyini, birgə layihələrin həyata keçirildiyini və əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini görürük”.
Operativ Media xəbər verir ki, bu sözləri deputat Aydın Mirzəzadə bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev iki il əvvəl andiçmə mərasimində “bizim ailəmiz türk dünyasıdır” fikrini səsləndirib.
A.Mirzəzadənin sözlərinə görə, Azərbaycan-Türkmənistan əlaqələri də son illərdə hərtərəfli inkişaf edir.
“Türkmənistan lideri dəfələrlə Azərbaycana səfər edib. Cənab Prezidentimizin Türkmənistana səfəri zamanı o, ən yüksək qonaq səviyyəsində qarşılanır. İqtisadi, humanitar, mədəni, parlamentlərarası əlaqələr günü-gündən artır”, – deyə deputat bildirib.
A.Mirzəzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirak etmək üçün Türkmənistana səfəri həm Mərkəzi Asiya ölkələri, həm də Türkmənistanla münasibətlərin hərtərəfli müzakirəsi baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, səfər çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyənləşdirilməsi istiqamətində mühüm işlər görüləcək.