Pərvanə Vəliyeva: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm nəqliyyat bağlantısıdır - RƏY
“Azərbaycan-Türkmənistan münasibətləri Avrasiyanın gələcək geosiyasi və geoiqtisadi mənzərəsini müəyyənləşdirən strateji tərəfdaşlığı əks etdirir”.
Operativ Media xəbər verir ki, bu sözləri deputat Pərvanə Vəliyeva bildirib.
P.Vəliyeva qeyd edib ki, Azərbaycan-Türkmənistan əlaqələri ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, regional inteqrasiya, enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat dəhlizləri baxımından da strateji əhəmiyyət daşıyır.
Deputatın sözlərinə görə, iki ölkə arasında diplomatik münasibətlər 9 iyun 1992-ci ildə qurulub və ötən 34 il ərzində əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlib.
O bildirib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi və müxtəlif sahələr üzrə razılaşmalar münasibətlərin dinamik inkişaf etdiyini göstərir.
P.Vəliyeva 8 oktyabr 2026-cı ildə Türkmənistanda keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün regional əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb.
“Prezident İlham Əliyevin bu görüşdə iştirakı Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin artıq institusional və strateji xarakter aldığını bir daha nümayiş etdirir”, – deyə deputat bildirib.
O qeyd edib ki, 2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regionun geosiyasi arxitekturasında mühüm dəyişiklik yaradıb.
Deputatın sözlərinə görə, Azərbaycanın bu platformaya inteqrasiyası Xəzər dənizinin iki sahilini vahid siyasi, iqtisadi və nəqliyyat məkanında birləşdirən yeni strateji reallığın formalaşması deməkdir.
P.Vəliyeva Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – Orta Dəhlizin bu əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat infrastrukturu Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayır.
Deputat Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanının da Xəzərin şərq sahilində mühüm logistika qovşağı olduğunu diqqətə çatdırıb.
O vurğulayıb ki, Azərbaycan və Türkmənistan arasında nəqliyyat əlaqələrinin inkişafı yükdaşımaların səmərəliliyini artırmaqla yanaşı, regional ticarətin genişlənməsi və yeni investisiya imkanlarının yaranmasına da xidmət edir.
P.Vəliyevanın sözlərinə görə, Azərbaycanın nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələr, o cümlədən Zəngəzur dəhlizi istiqamətində nəzərdə tutulan bağlantılar gələcəkdə Mərkəzi Asiya ölkələri üçün əlavə imkanlar yarada bilər.
dəqiqələr içində saytın olsun.