Menyu

Ülviyyə Zülfiqar: Azərbaycan-Mərkəzi Asiya tərəfdaşlığı regional inteqrasiyanı gücləndirir - RƏY

Xəbərlər redaksiyası
Ülviyyə Zülfiqar: Azərbaycan-Mərkəzi Asiya tərəfdaşlığı regional inteqrasiyanı gücləndirir - RƏY
2 dəq oxu

“Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin daha da inkişafı baxımından mühüm siyasi və strateji əhəmiyyət daşıyır”.

Operativ Media xəbər verir ki, bu sözləri siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.

O qeyd edib ki, Azərbaycan ilə Türkmənistan arasında əlaqələr ortaq tarixi köklərə, milli-mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır. Onun sözlərinə görə, son illərdə bu münasibətlər siyasi dialoqla yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat və logistika sahələrində də yeni məzmun qazanıb.

“Xəzər dənizinin hər iki sahilində yerləşən Azərbaycan və Türkmənistanın əməkdaşlığı bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan bu gün iki region arasında siyasi və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayan dövlətə çevrilib”, – deyə Ü.Zülfiqar bildirib.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın regionda artan siyasi nüfuzu, Prezident İlham Əliyevin beynəlxalq müstəvidə qazandığı etimad və ölkənin çoxtərəfli əməkdaşlıq proseslərində fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri artıq ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq vahid regional tərəfdaşlıq müstəvisində inkişaf edir”, – deyə o əlavə edib.

Ü.Zülfiqarın sözlərinə görə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əhəmiyyəti yalnız ortaq tarix və mədəni yaxınlıqla məhdudlaşmır. O qeyd edib ki, mövcud geosiyasi reallıqlar, beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi, enerji təhlükəsizliyi və iqtisadi əlaqələrin genişləndirilməsi bu tərəfdaşlığı strateji səviyyəyə yüksəldir.

“Xüsusilə Orta Dəhlizin inkişafı, Transxəzər nəqliyyat imkanlarının genişləndirilməsi və Avropa ilə Asiya arasında etibarlı bağlantıların yaradılması baxımından Azərbaycanın rolu əvəzsizdir. Prezident İlham Əliyevin təşəbbüsləri və ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri Azərbaycanı Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit və iqtisadi tərəfdaşa çevirib”, – deyə siyasi şərhçi bildirib.

O vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq iştirakçı dövlətlərin iqtisadi imkanlarını artırmaqla yanaşı, regionda sabitliyin, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə də töhfə verir.

Ü.Zülfiqar qeyd edib ki, Prezident İlham Əliyevin Türkmənistana səfərinə və Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinə məhz geniş regional kontekstdən yanaşmaq lazımdır.

“Azərbaycan regional təşəbbüslərin formalaşmasına və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verən dövlətdir. Dövlətimizin başçısının siyasi iradəsi, müstəqil xarici siyasət kursu və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yanaşması ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirir. Mərkəzi Asiya dövlətlərinin Azərbaycana göstərdiyi yekdil dəstək də məhz bu siyasətin nəticələrindən biridir”, – deyə o bildirib.

Siyasi şərhçi hesab edir ki, növbəti Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizlə Mərkəzi Asiya dövlətləri arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə, yeni birgə layihələrin həyata keçirilməsinə və bütövlükdə regionun beynəlxalq mövqelərinin güclənməsinə mühüm töhfə verəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər