"MegaSec" Daşkənddə "Cyber Security Summit Central Eurasia"da iştirak edib - FOTO
Azərbaycan şirkəti MegaSec 5 - 7 oktyabr 2026-cı il tarixlərində Daşkənddə keçirilən Cyber Security Summit Central Eurasia-da iştirak edib.
Operativ Media xəbər verir ki, "Cyber Security Summit Central Eurasia 2026" (CSS 2026) dövlət qurumlarını, beynəlxalq təşkilatları, texnologiya şirkətlərini və kibertəhlükəsizlik mütəxəssislərini bir araya gətirib.
Rəqəmsal təhlükəsizlik, süni intellekt və innovasiyaya həsr olunan sammit regional əməkdaşlığın inkişafı və yeni texnoloji təşəbbüslərin müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayıb.
MegaSec sammitdə öz stendi ilə iştirak edərək kibertəhlükəsizlik, süni intellekt, maşın öyrənməsi, rəqəmsal transformasiya və pilotsuz uçuş aparatları sahələrindəki həllərini nümayiş etdirib. Şirkətin stendi müxtəlif ölkələrdən olan nümayəndələrlə görüşlər və potensial əməkdaşlıq istiqamətlərinin müzakirəsi üçün imkan yaradıb.
Sammit çərçivəsində Azərbaycan, Tacikistan, Qırğızıstan, Gürcüstan, Estoniya və digər ölkələrdən olan nümayəndələrlə, həmçinin Özbəkistanın texnologiya ekosisteminin aparıcı qurumları ilə görüşlər keçirilib. Müzakirələr beynəlxalq tərəfdaşlıqların inkişafı, texnologiya və bilik mübadiləsi, eləcə də kibertəhlükəsizlik və süni intellekt sahələrində birgə təşəbbüslərin inkişafı və araşdırılmasına yönəlib.
Sammitin mühüm nəticələrindən biri 8 oktyabr tarixində MegaSec ilə Mərkəzi Asiya Süni İntellekt Assosiasiyası (Central Asian Association for Artificial Intelligence - AICA) arasında Əməkdaşlıq Memorandumunun imzalanması olub. Sənəd MegaSec-in direktoru Qabil Qasımov və Mərkəzi Asiya Süni İntellekt Assosiasiyasının sədri Vladimir Norov tərəfindən imzalanıb.
Memorandum kibertəhlükəsizlik, süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əsas istiqamətlərə təhlükəsiz və süni intellekt həllərinin hazırlanması, rəqəmsal infrastrukturun qorunması, birgə pilot layihələrin həyata keçirilməsi, texniki təcrübə mübadiləsi, tədqiqat təşəbbüsləri və təlim proqramlarının təşkili daxildir. Tərəflər həmçinin innovativ startapların dəstəklənməsi, texnologiya şirkətləri və dövlət qurumları arasında əlaqələrin inkişafı, eləcə də regional bazarlarda yeni əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində fəaliyyət göstərməyi hədəfləyirlər.
Bu əməkdaşlıq Azərbaycan və Özbəkistan arasında texnoloji əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, Mərkəzi Asiya regionunda informasiya təhlükəsizliyi ekosisteminin dayanıqlı və rəqabətqabiliyyətli inkişafına töhfə verməyi nəzərdə tutur.
CSS 2026-da iştirak MegaSec üçün Özbəkistandakı mövcud əlaqələri gücləndirmək, beynəlxalq tərəfdaşlarla yeni imkanları araşdırmaq və şirkətin kibertəhlükəsizlik, süni intellekt, rəqəmsal transformasiya sahələrindəki həllərini daha geniş auditoriyaya təqdim etmək baxımından əhəmiyyətli olub. Bu iştirak MegaSec-in regional bazarlardakı mövqeyinin möhkəmləndirilməsi və yeni strateji tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

