Aİ ölkələri Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlığı müzakirə edəcək
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri oktyabrın 12-də Lüksemburqda keçiriləcək görüşdə Yəmən husilərinin hücumlarından sonra Qırmızı dənizdə Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlıq məsələsini müzakirə edəcəklər.
Operativ Media xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, nazirlər Səudiyyə Ərəbistanı ətrafında gərginliyin artmasını müzakirə edəcəklər. Kallas Qırmızı dənizdə fəaliyyət göstərən Aİ-nin “Aspides” dəniz missiyası ilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiya arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Kallas Ər-Riyad hava limanına hücumu terror aktı adlandırıb və Səudiyyə Ərəbistanına başsağlığı verib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də oxşar bəyanatla çıxış edib. O bildirib ki, mülki hava limanına hücum gərginliyin daha da artmasına səbəb olur və qlobal nəqliyyat qovşağının sabitliyini pozur. Onun sözlərinə görə, bunun nəticələri bütün dünyada hiss olunur.
Qeyd edək ki, əvvəlki görüşdə Aİ xarici işlər nazirləri Yəməndəki hərbi əməliyyatlarda Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya dəstək verilməsi ilə bağlı razılığa gələ bilməyiblər.
Daha əvvəl “Reuters” şahidlərə istinadən Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı yaxınlığında partlayış baş verdiyini bildirib. “France-Presse” agentliyinin məlumatına görə, hava limanında sərnişinlərin və əməkdaşların təxliyəsi həyata keçirilib.
Husilərin nəzarətində olan “SABA” agentliyi isə Əbha, Dammam və Ər-Riyad hava limanlarının fəaliyyətinin tamamilə dayandırıldığını açıqlayıb.
Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi hava limanına hücum edildiyini və hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığını təsdiqləyib. Qurum zərərin qiymətləndirilməsi və təhlükəsizlik yoxlamaları başa çatanadək hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığını bildirib.